ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə seminarında “Pilotsuz uçuş aparatlarının kibertəhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi üzrə alınmış elmi nəticələr müzakirə olunub.
İnstitutun doktorantı Orxan Vəlixanlı məruzəni təqdim edərək iş çərçivəsində aparılmış elmi-praktiki tədqiqatlar haqqında məlumat verib.
O.Vəlixanlı qeyd edib ki, dissertasiya işinin məqsədi pilotsuz uçuş aparatlarına (PUA) edilən kiberhücumları yüksək dəqiqliklə aşkarlaya bilən, sürətli, özü-özünü öyrədən, müxtəlif kiberhücumların təsirinə qarşı dayanıqlı olan intellektual metod və alqoritmlərin işlənməsidir.
Tədqiqatçı dissertasiya işi üzrə PUA-ların yerüstü idarəetmə sistemi (YİS) və şəbəkə sistemlərinə kiberhücumların aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi istiqamətində tədqiqatların aparıldığını söyləyib. O, PUA-ların YİS-ində təsvirlərin analizi əsasında zərərli proqramların aşkarlanması, o cümlədən PUA-ların şəbəkə sisteminə olan xidmətdən imtina kiberhücumlarının aşkarlanması üçün metodların işlənildiyini söyləyib, əldə olunan nəticələri təqdim edib.
O.Vəlixanlı həmçinin “Pilotsuz uçuş aparatlarının uçuş məlumatlarının kiberdayanıqlığının təmin olunması üçün yanaşmanın işlənməsi” istiqamətində PUA-ların uçuş məlumatlarının kriptodayanıqlığının, eləcə də uçuş məlumatlarının steqadayanıqlığının təmin olunması üçün yanaşmaların işlənildiyini diqqətə çatdırıb.
Dissertasiya işinə dair geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək PUA-ların kibertəhlükəsizliyinin təmin olunması istiqamətdə əldə olunan nəticələrə münasibətini bildirib, aparılan tədqiqatın aktuallığını vurğulayıb. Qeyd edib ki, PUA-ların təhlükəsizliyinin təmin olunması problemləri milli informasiya təhlükəsizliyi sisteminin mühüm tərkib hissəsidir.
Akademik R.Əliquliyev dissertasiya işi çərçivəsində əldə olunmuş elmi-praktiki nəticələrin PUA-ların kiberdayanıqlığının artırılması, xüsusilə də şəbəkə və idarəetmə sistemlərində zərərli təsirlərin aşkarlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Alim seminarda səsləndirilən tövsiyələr nəzərə alınmaqla dissertasiya işinin növbəti mərhələyə təqdim olunmasını təklif edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.