İnstitutun baş mütəxəssisinə texnika üzrə fəlsəfə doktoru diplomu təqdim olunub

15 İyul 2025 - 11:03 | Mühüm hadisələr

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə ETN İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva 3339.01 – “İnformasiyanın mühafizəsi üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

S.Ocaqverdiyevaya diplom AAK-ın sədri, professor Famil Mustafayev tərəfindən 10 iyul 2025-ci ildə Ali Attestasiya Komissiyasında təqdim olunmuşdur.

Qeyd edək ki, S. Ocaqverdiyeva Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsini bitirmişdir. 1998-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Telekommunikasiya Elmi Mərkəzində fəaliyyətə başlamışdır. Həmçinin AMEA-nın www.science.az portalının yaradılmasında iştirak etmişdir.

O, 2005-2017-ci illərdə institutun Tədris-İnnovasiya Mərkəzində proqramçı, sonra isə tədrisin təşkili işləri üzrə sektor müdiri vəzifəsində çalışmış, bu mərkəzdə respublikanın doktorant və dissertantları haqqında toplanmış məlumatlar əsasında analitik təhlillər aparmışdır.

S.Ocaqverdiyevanın elmi məqalələrinin bir qismi respublikada, digərləri isə beynəlxalq elmi nəşrlərdə çap olunmuşdur. Onun Web of Science və Scopus kimi nüfuzlu beynəlxalq bazalarda indeksləşən jurnallarda 6 elmi məqaləsi dərc edilmişdir. Tədqiqatçı bir sıra respublika və beynəlxalq səviyyəli elmi konfranslarda ölkəmizi uğurla təmsil etmişdir.

O, hazırda uşaqların internetdə informasiya  təhlükəsizliyinin təmin edilməsi üçün milli ekosisteminin  işlənməsi və digər istiqamətlərdə tədqiqatlarını davam etdirir.

İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından S.Ocaqverdiyevanı bu münasibətlə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və gələcək elmi fəaliyyətində yeni nailiyyətlər arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.