ETN İnformasiya Texnologiyaları İnstitutunda “Saxta xəbərlərin aşkarlanması üçün sözlərin vektor təsviri modellərinin eksperimental müqayisəsi” mövzusuna həsr olunmuş növbəti elmi seminar keçirilib.
Seminarda Azərbaycan Texniki Universitetinin doktorantı Cəlal Mehdiyev institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin rəhbərliyi ilə “Mətnlərdə saxta xəbərlərin aşkarlanması üçün maşın təlimi üsullarının işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində apardığı tədqiqatlardan bəhs edib. O, iş çərçivəsində müxtəlif söz təsviri modellərinin müqayisəli analizinin aparıldığını diqqətə çatdırıb.
C.Mehdiyev saxta xəbərlərin aşkarlanmasının aktuallığını, xüsusilə 2016-cı il ABŞ-da prezident seçkiləri, COVID-19 pandemiyası dövründə yayılan dezinformasiyalar və digər kontekstlərdə əsaslandırıb. Tədqiqatçı ənənəvi (TF-IDF, Bag of Words, LSA), prediktiv (Word2Vec, GloVe, FastText) və kontekstual (BERT) modellərin nəzəri və praktiki üstünlüklərini izah edib.
Qeyd edib ki, eksperimentlər ISOT, LIAR və COVID-19 kimi müxtəlif dataset-lər üzərində Python mühitində icra olunub. Dissertant modellərin səmərəliliyinin bir neçə meyar əsasında ölçüldüyünü qeyd edib. Bildirib ki, eksperimentin nəticələrinə əsasən, vahid üstün model mövcud deyil və dəqiqlik artımının hesablama xərci ilə tarazlaşdırılması, eləcə də qarşıdakı tapşırığa uyğun yanaşmanın seçilməsi zəruridir.
Mövzuya dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev dissertasiya işində informasiya müharibəsi kontekstində dezinformasiya ilə mübarizə məsələlərinə geniş yer ayrılmasının əhəmiyyətini vurğulamış və bu sahədə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlərin araşdırılmasının zəruriliyinə toxunub. Alim iş çərçivəsində aparılan araşdırmaların nəticələrinin saxta xəbərləri aşkarlama sahəsində effektiv metodların formalaşmasına və təbii dil emalı sahəsində gələcək tədqiqatlara mühüm töhfə verəcəyinə inamını vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.