İnformasiya Texnologiyaları İnstitutu ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq uğurla davam etdirilir

11 İyul 2025 - 17:32 | Mühüm hadisələr
İnformasiya Texnologiyaları İnstitutu ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq uğurla davam etdirilir

ETN İnformasiya Texnologiyaları İnstitutu elm və təhsilin inteqrasiyası istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Bu fəaliyyət elmi biliklərin tədris prosesinə transferi, gənc mütəxəssislərin hazırlanması və innovativ təfəkkürün təşviqi baxımından böyük əhəmiyyət kəsb edir. İnstitutun əməkdaşları mütəmadi olaraq ali təhsil müəssisələrində keçirilən akademik tədbirlərdə fəal iştirak edir, elmi rəhbərlik edir, eləcə də imtahan komissiyalarında təmsil olunmaqla bu prosesə töhfə verirlər.

Bu barədə AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev institutun Elmi şurasının iclasında İnformasiya Texnologiyaları İnstitutu və  Azərbaycan Texniki  Universiteti  (AzTU) arasında “Elmi-tədqiqat  üzrə  birgə  fəaliyyətin  həyata  keçirilməsinə dair əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun icra vəziyyətinin  monitorinqi haqqında çıxışı zamanı məlumat verib. O, ötən ilin yanvar ayında imzalanan Memorandumun tərəflər arasında müxtəlif sahələr üzrə münasibətlərin qurulması və inkişaf etdirilməsi, birgə elmi-tədqiqatın həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi məqsədi daşıdığını söyləyib.     

R.Alıquliyev birgə əməkdaşlıq çərçivəsində AzScienceNet  tərəfindən AzTU-nun şəbəkə infrastrukturunun monitorinqinin aparıldığını və bir sıra təkliflərin işlənildiyini söyləyib.

Qeyd edib ki, institutun əməkdaşları AzTU-da magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuraların işində iştirak etmiş, eyni zamanda İnformasiya Texnologiyaları  İnstitutunda istehsalat təcrübəsi keçən AzTU-nun tələbələrinə rəhbərlik həyata keçirilmişdir.  

“İki qurumun alimlərinin bazasında yaradılmış dissertasiya şuralarının fəaliyyəti, elmi şuraların iclası, müdafiə proseslərində və sessiya imtahanlarında iştirak, magistrantlara və doktorantlara elmi rəhbərlik, ixtisasartırma kurslarının, eləcə də birgə respublika və beynəlxalq səviyyəli konfransların təşkili Memorandum çərçivəsində həyata keçirilən mühüm tədbirlərdəndir”, – deyə alim əlavə edib.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək institutda qabaqcıl biliklərin paylanması, təhsilə ötürülməsi, yüksəkixtisaslı kadrların hazırlanması və s. istiqamətlərdə həyata keçirilən tədbirlərdən danışıb. Alim elm, təhsil və innovasiyanın inteqrasiyası naminə ali məktəblərlə elmi müəssisələrin birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib, bu çərçivədə AzTU ilə qurulan səmərəli innovativ əməkdaşlıq əlaqələrini, əldə olunan nəticələri yüksək qiymətləndirib. Akademik Rasim Əliquliyev hər iki qurumun üzərinə düşən vəzifələrin icrasına dair mütəmadi olaraq hesabatların hazırlanması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində görülən işlərin monitorinqinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.