“Google Translate” əlavəsində nitqin sinxron tərcüməsi funksiyası istifadəyə veriləcək

14 Yanvar 2015 - 11:31 | Maraqlı məlumatlar
“Google Translate” əlavəsində nitqin sinxron tərcüməsi funksiyası istifadəyə veriləcək

“Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün “Google Translate” əlavəsinin növbəti yenilənməsinə populyar dillərin real vaxt rejimində avtomatik tanınması və nitqin mətnli tərcüməsi funksiyası əlavə ediləcək.

“ICTnews” elektron xəbər xidməti  bildirir ki, “Google” şirkətinin avtomatik tərcümə əlavəsi səslə və ya smartfonun klaviaturasından daxil edilən çoxsaylı dillərlə işləyir. “Google Translate” üçün yenilənmə isə şifahi nitqi avtomatik tanımağa imkan verir. Bu isə o deməkdir ki, istifadəçinin əllə dil seçimi etməsinə ehtiyac qalmır.

Şirkətin texniki direktoru Makdaff Hyuzun sözlərinə görə, hər ay şirkətin xidmətindən 500 milyon aktiv istifadəçi yararlanır. O qeyd edib ki, dil tərcüməsi əksər insanlar üçün tədrisin vacib hissəsidir. Belə ki, İnternet istifadəçilərinin 90 faizi təxminən 10 dildə danışır.

Bundan başqa, "Google" telefon kamerasını küçədə xarici dildə yazılan yol nişanına tərəf yönəldərək ekranda avtomatik tərcüməni göstərməyə imkan verən funksiya üzərində iş aparır. Oxşar funksionallığa smartfonun kamerası vasitəsilə real vaxt rejimində mətnin tərcüməsini dəstəkləyən “Word Lens” əlavəsi malikdir. 

Yenilənmənin nə vaxt işıq üzü görəcəyi barədə məlumat verilmir.

Qeyd edək ki, ABŞ-ın İnternet şirkəti olan “Google” bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard ABŞ dolları dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda şirkət dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.   
Google dünyanın ən populyar “YouTube” videohostinqinin sahibidir, “Gmail” elektron poçt xidməti və “Google+” sosial şəbəkəsinin idarəedicisi, habelə mobil qurğular üçün “Android” əməliyyat sisteminin tərtibatçısıdır.