ETN İnformasiya Texnologiyaları İnstitutunda süni intellekt texnologiyalarının inkişafı problemlərinə həsr olunmuş növbəti elmi seminar keçirilib. Seminarda institutun elmi işçisi Kamran Cəfərzadə “GPT-4.5 dil modeli haqqında” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi OpenAI tərəfindən hazırlanmış yeni nəsil dil modellərinin inkişaf mərhələləri və GPT-4.5 modelinin texniki xüsusiyyətlərini təqdim edib. Bildirib ki, “Generative Pre-Trained Transformer” (GPT) texnologiyası təbii dilin emalı, avtomatik mətn yaradılması, tərcümə və proqramlaşdırma kimi sahələrdə yüksək effektivlik nümayiş etdirir.
GPT-4.5 modelinin imkanlarından bəhs edən K.Cəfərzadə qeyd edib ki, bu model GPT-4o ilə müqayisədə daha sürətli, daha dəqiq və çoxdilli işləmə qabiliyyətinə malikdir. Onun sözlərinə görə, modelin qeyri-müəyyənlik və məntiq tələb edən suallara cavab vermə qabiliyyəti də təkmilləşdirilmişdir.
K.Cəfərzadə GPT arxitekturasının əsasını təşkil edən “Transformer” maşın öyrənməsi modelinin quruluşu, şifrələyici və deşifrator modulları, multimodal imkanlar və real vaxtda səs, mətn, şəkil və video ilə işləmək qabiliyyəti haqqında da məlumat verib. Bildirib ki, GPT-4.5 modeli daha geniş yaddaşı və kreativ mətn yaradılması funksiyaları ilə seçilir.
Tədqiqatçı GPT modellərinin çatışmazlıqlarından da söz açaraq onun həddən artıq təfərrüatlı olması və müəyyən ifadələrdən çox istifadə etməsi, bir çox hallarda sualı dəqiqləşdirmək üçün əlavə aydınlaşdırıcı suallar vermədən dərhal cavablandırması və s.nin təkmilləşdirilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırıb.
Məruzədə, həmçinin ChatGPT Plus abunəlik sistemi, bu modellərin tətbiq olunduğu platformalar (Duolingo, Copilot, Poe və s.), Türinq testi və modelin insan səviyyəli təbii ünsiyyətə yaxınlaşma səviyyəsi kimi məsələlərə də toxunulub.
Seminarda GPT-4.5 modelinin tətbiqi imkanları, təhlükəsizlik riskləri və etik məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.