İnstitutda yerinə yetirilən elmi-tədqiqat layihəsinə dair fəaliyyət planı müzakirə olunub

20 İyun 2025 - 12:14 | Konfranslar, İclaslar
İnstitutda yerinə yetirilən elmi-tədqiqat layihəsinə dair fəaliyyət planı müzakirə olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunda AR Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilən “Kibersuveren dövlətin formalaşdırılması və onun informasiya təhlükəsizliyinin təmin olunması üçün intellektual metod və alqoritmlərin işlənməsi” adlı elmi-tədqiqat layihəsi üzrə fəaliyyət planının müzakirəsinə həsr olunmuş növbəti seminar keçirilib.

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev ölkə və beynəlxalq səviyyəli qrant layihələrində fəal iştirakın elmi fəaliyyətin səmərəliliyinin artırılması, institut əməkdaşlarının əməyinin stimullaşdırılması, eləcə də, əldə edilən nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması baxımından vacibliyini vurğulayıb.

Akademik R.Əliquliyev iclasın keçirilməsində əsas məqsədin layihə üzrə görüləcək işlər, tədqiqat mövzularının dəqiqləşdirilməsi və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsindən ibarət olduğunu bildirib. Alim layihə çərçivəsində kibersuveren dövlət sisteminin formalaşdırılması, eyni zamanda rəqəmsal suverenliyin təmin olunması istiqamətində strateji əhəmiyyətə malik tədqiqatların aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sonra elmi-tədqiqat layihəsi üzrə hər bir icraçı yerinə yetiriləcək işlər, qarşıya qoyulan məsələlər haqqında məlumat verib. 

Tədqiqat istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Akademik R. Əliquliyev layihə çərçivəsində aktual problemlərə həsr olunmuş tədqiqatların “Konstitusiya və Suverenlik İli” çərçivəsində  xüsusilə böyük əhəmiyyət daşıdığını bildirib, elmimizin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.