AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Ankara Universitetində elmi ezamiyyətdə olub

20 İyun 2025 - 13:06 | Mühüm hadisələr

ETN İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev Azərbaycan Elm Fondunun maliyyələşdirdiyi “Sosial kiberfiziki sistemlərdə fərdi məlumatların qorunması üçün süni intellekt üsullarının işlənməsi” adlı qrant layihəsi çərçivəsində Türkiyənin Ankara şəhərində elmi ezamiyyətdə olub.

Ankara Universitetinin “Kompüter mühəndisliyi” kafedrasında keçirilən görüşlərdə kafedranın müdiri, professor İman Askerbeyli, eləcə də professorlar Şahin EmrahRefik Samet ilə burada prioritet istiqamətlərdə aparılan tədqiqatlar, kafedraya təhkim olunmuş doktorant və magistrantların mövzularına dair geniş müzakirələr aparılıb. Ramiz Alıquliyev qrant layihəsi çərçivəsində aparılan araşdırmalar və layihə iştirakçılarının tədqiqat sahələri haqqında ətraflı məlumat verib.

Ezamiyyət çərçivəsində R.Alıquliyev “Kompüter mühəndisliyi” kafedrasının doktorant və magistrantlarının dissertasiya işləri çərçivəsində əldə edilmiş nəticələrin müzakirəsinə həsr olunmuş seminarlarda iştirak edib, tədqiqat mövzuları ilə bağlı fikirlərini bölüşüb, təklif və tövsiyələrini səsləndirib.

Kafedranın əməkdaşları ilə fərdi və ya kollektiv formada, eləcə də dəyirmi masa ətrafında görüşlər keçirilib. Görüşlərdə “Kompüter mühəndisliyi” kafedrasının alim və mütəxəssisləri ilə qrant layihəsinin iştirakçıları arasında əməkdaşlıq əlaqələrinin qurulması, birgə tədqiqatların aparılması, beynəlxalq layihələrdə iştirak, həmçinin kadr və təcrübə mübadiləsinin aparılmasına dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.