İnformasiya Texnologiyaları İnstitutu elm və təhsilin inteqrasiyasına dəstək verir

20 İyun 2025 - 10:23 | Mühüm hadisələr
İnformasiya Texnologiyaları İnstitutu elm və təhsilin inteqrasiyasına dəstək verir

ETN İnformasiya Texnologiyaları İnstitutu və Bakı Biznes Universiteti arasında bağlanmış müqaviləyə əsasən, institutun Tədris-İnnovasiya Mərkəzində bu ali məktəbin tələbələrinə institutun mütəxəssisləri tərəfindən “Veb dizayn (HTML/CSS, JAVASCRİPT)”, “Phyton proqramlaşdırma dili”, “Kompüter qrafikası” və s. fənlərin tədrisi və onların biliklərinin yoxlanılaraq qiymətləndirilməsi həyata keçirilir. Əsas məqsəd innovativ modelə əsaslanan əməkdaşlıq əsasında elm və təhsilin inteqrasiyasını sürətləndirmək, qabaqcıl informasiya texnologiyaları sahəsində kadrlar yetişdirməkdir.  

İyunun 18-də institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) Bakı Biznes Universitetinin “Biznes və menecment” fakültəsinin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan III kurs tələbələrinin “Python proqramlaşdırma dili” və “Kompüter qrafikası” fənləri üzrə bilik və bacarıqları qiymətləndirilib.

İmtahan komissiyasının sədri TİM-in rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, komissiya üzvləri – institutun baş elmi işçisi, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova və baş mütəxəssis Raqif İsmayılov olub.

Kurs müddətində fənn müəllimləri Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov və institutun baş mütəxəssisi Raqif İsmayılov tələbələrə həm nəzəri, həm də praktiki biliklər veriblər. Proqramın sonunda təlimi uğurla başa vuran tələbələrə müvafiq sertifikatlar təqdim olunacaq.

Növbəti imtahanların 21, 25 və 30 iyun tarixlərində keçirilməsi nəzərdə tutulur.

Xatıraladaq ki, artıq bir neçə ildir ki, ETN İnformasiya Texnologiyaları İnstitutunda elm və təhsilin inteqrasiyasının gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Ali təhsil qurumları ilə əlaqələrin gücləndirilməsi, ölkənin elmi potensialının qorunub saxlanılmasına və daha da inkişaf etdirilməsinə xidmət edir.

Elm və təhsilin inteqrasiyasının təmin olunması istiqamətində Azərbaycan Texniki Universiteti ilə İdarəetmə Sistemləri İnstitutu və İnformasiya Texnologiyaları İnstitutu arasında elmi-tədqiqat üzrə birgə fəaliyyətin həyata keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmış, həmçinin Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Tibb Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Müdafiə Nazirliyinin Milli  Müdafiə Universiteti və s. ali təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur.

İnformasiya Texnologiyaları İnstitutu bu əməkdaşlıq əlaqələri çərçivəsində gənc tədqiqatçıların elmə cəlb olunması, onlara dəstək göstərilməsi işində yaxından iştirak edərək mütəmadi olaraq əmək bazarında tələbat olan İT həlləri hazırlayan və tətbiq edən mütəxəssislərin yetişdirilməsinə, eləcə də tələbələrə peşəkar inkişaf üçün zəruri olan praktiki bacarıqların verilməsinə yönəlmiş kurslar təşkil edir və nəticələr imtahanlarla qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.