Süni intellekt texnologiyalarının inkişafı və kompüter görmə imkanları jestlərin tanınması probleminin həllinə əhəmiyyətli təkan vermişdir. Jestlərin yazılı və ya şifahi nitqə tərcüməsini həyata keçirə bilən tanınma sisteminin yaradılması aktual məsələlərdəndir.
Bu barədə ETN İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində növbəti elmi seminar keçirilib. Seminarda institutun baş mütəxəssisi Kəmalə Qurbanova çıxışında bildirib.
“Əl ilə göstərilən jestlərin süni intellekt texnologiyalarından istifadə etməklə avtomatik aşkarlanması prosesinin analizi” mövzusunda məruzəni təqdim edən K.Qurbanova çıxışında jest dilinin ünsiyyətin vacib vizual forması kimi insan-kompüter qarşılıqlı əlaqəsində artan əhəmiyyətindən bəhs edib. Bildirib ki, əl jestlərinin real vaxt rejimində avtomatik tanınması bir sıra metodoloji və texnoloji çətinliklər yaradır. Bu problemlərə jestlərin fərqli icra üsulları, sürət və əl ölçüsünün variasiyaları, işıqlandırma fərqləri, fərdi jestikulyasiya üslubu və dominant əl seçimi kimi faktorlar daxildir.
O, süni neyron şəbəkə arxitekturalarının – Feedforward Neural Networks (FNNs), Kohonen Neural Networks (KNN), Convolutional Neural Networks (CNN) və Recurrent Neural Networks (RNN) – jest tanıma prosesində tətbiqindən danışaraq, hər bir metodun üstünlükləri və çatışmazlıqlarını müqayisəli şəkildə təhlil edib.
K.Qurbanovanın sözlərinə görə, statik jestlərin tanınmasında CNN, dinamik jestlərin isə RNN arxitekturaları daha yüksək nəticə göstərir. Lakin real vaxt rejimində yüksək dəqiqlik və sürət əldə etmək üçün bu metodların hibrid formada tətbiqi daha məqsədəuyğundur.
Məruzədə, həmçinin jestlərin tanınması sisteminin mərhələləri, neyron şəbəkələrin tətbiq sahələri haqqında geniş məlumat verilib.
Sonda K.Qurbanova qeyd edib ki, jestlər kommunikasiya məsələlərini asanlaşdırmaqla yanaşı, “ağıllı” qurğuların idarə olunmasında müvəffəqiyyətlə istifadə olunur. Jestləri dəqiq şəkildə tanıyan və əks-əlaqə qura bilən universal cihazların əl jestləri ilə idarə edilməsinə tələbat innovativ həllərin tətbiqi ilə sıx bağlıdır.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.