Li-Fi texnologiyasının bərpa olunan enerji mənbələri ilə inteqrasiyası problemlərinə dair məruzə dinlənilib

18 İyun 2025 - 12:10 | Konfranslar, İclaslar
Li-Fi texnologiyasının bərpa olunan enerji mənbələri ilə inteqrasiyası problemlərinə dair məruzə dinlənilib

Li-Fi (Light Fidelity) naqilsiz rabitə yaratmaq və cihazlar arasında məlumat ötürmək üçün LED lampalar və işıqlardan istifadə edən ən son naqilsiz optik şəbəkə texnologiyasıdır.

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Li-Fi texnologiyasının bərpa olunan enerji mənbələri ilə inteqrasiyası: enerji səmərəliliyi, perspektivləri və problemləri” mövzusuna həsr olunmuş şöbə seminarı keçirilib. Məruzəni institutun proqramçısı Təbriz Ağaşov təqdim edərək Li-Fi-ın yaranma tarixi və əsas prinsipləri haqqında məlumat verib. Bu texnologiyanın 1968-ci ildə Almaniyalı mühəndis Harald Haas tərəfindən yaradıldığını, onun LED lampalarının işıq dalğaları vasitəsilə məlumatların yüksək sürətlə və etibarlı şəkildə ötürülməsinə əsaslanan, naqilsiz kommunikasiyanın inkişafına yönəlmiş innovativ yanaşma olduğunu qeyd edib.

Sonra o, Li-Fi texnologiyalarının üstünlükləri və çatışmazlıqlarından söz açıb. Bildirib ki, yüksək məlumat ötürmə sürəti və təhlükəsizlik səviyyəsi, elektromaqnit müdaxilələrə qarşı davamlılıq, enerji effektivliyi və s. bu texnologiyaların müsbət cəhətləridir. Əhatə dairəsinin məhdud olması, yalnız işıq olduqda işləməsi, hərəkətdə olan cihazlar üçün sabit olmaması isə Li-Fi-ın mənfi cəhətlərinə aiddir.

Li-Fi-ın tətbiq sahələri haqqında məlumat verən məruzəçi bildirib ki, bu texnologiyaların sənaye, təhsil, səhiyyə və şəhər infrastrukturunda rəqəmsal texnologiyaların tətbiqi, bu sahələrin inkişafında mühüm yeniliklərə yol açaraq, proseslərin avtomatlaşdırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və resursların daha səmərəli idarə olunmasını təmin edir.

O, həmçinin Li-Fi texnologiyasının bərpa olunan enerji mənbələri ilə inteqrasiyasından bəhs edib. Qeyd edib ki, bərpa olunan enerji mənbələri ilə təmin olunan LED işıqlandırma sistemləri enerjidən səmərəli istifadə edərək həm iqtisadi, həm də ekoloji baxımdan üstünlüklər yaradır: “Çünki bu sistemlər daha az enerji istehlakı ilə yüksək işıqlandırma gücünü təmin edir və karbon emissiyasını əhəmiyyətli dərəcədə azaldır. Bu texnologiya, xüsusilə günəş və külək enerjisindən istifadə edərək, elektrik enerjisinə olan tələbatı minimuma endirir və dayanıqlı enerji infrastrukturunun inkişafına şərait yaradır”.

T.Ağaşov seminarda günəş enerjili “ağıllı şəhər” layihələri və Li-Fi texnologiyasının rolu, kənd ərazilərində bərpa olunan enerji mənbələri ilə Li-Fi şəbəkələrinin tətbiqi, Li-Fi texnologiyasının inteqrasiyası problemləri, eləcə də enerji və telekommunikasiya sənayesində əməkdaşlıq perspektivlərindən bəhs edib.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.