Akademik Rasim Əliquliyev Qarabağ Universitetində ustad dərsi keçib

07 İyun 2025 - 10:09 | Görüşlər

Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi (ETN) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə AMEA-nın 80 illiyinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. Həmçinin Qarabağ Universitetində ilk dəfə olaraq AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin rəhbərliyi altında Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və Akademiyanın elmi-tədqiqat müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.   

Konfrans çərçivəsində AMEA-nın rəhbər heyəti və əməkdaşları tərəfindən Qarabağ Universitetində müxtəlif ixtisaslar üzrə mühazirələr oxunub.

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev də Qarabağ Universitetində tələbələrlə görüşərək “Kompüter mühəndisliyi” üzrə təhsil alan gənclərə ustad dərsi keçib. Akademik R.Əliquliyev dərs zamanı süni intellekt, kibertəhlükəsizlik, kibersuverenlik, Big Data, kvant informasiya texnologiyaları, data analitika və digər aktual istiqamətlər üzrə geniş məruzə ilə çıxış edib.

Eyni zamanda Qarabağ Universitetində İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzi vasitəsilə GEANT Asossiasiyasının təqdim etdiyi imkanlardan, sürətli internet və qabaqcıl şəbəkə xidmətlərindən istifadənin təmin edilməsi istiqamətində müzakirələr aparılıb, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Dərs tələbələr tərəfindən böyük maraqla qarşılanıb, onları maraqlandıran çoxsaylı suallar cavablandırılıb.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.