Fərdi tibbi məlumatların kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı yeni yanaşmalar işlənilir

02 İyun 2025 - 10:51 | Konfranslar, İclaslar
Fərdi tibbi məlumatların kibertəhlükəsizliyinin təmin edilməsi ilə bağlı yeni yanaşmalar işlənilir

ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən elmi seminarda “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə “Şifrləmə metodlarından istifadə etməklə mərkəzləşdirilmiş fərdi tibbi məlumat bazalarının kibertəhlükəsizliyinin təmin edilməsi” mövzusunda müzakirələr aparılıb.

İnstitutun doktorantı Araz Mustafa çıxış edərək əvvəlcə səhiyyədə toplanan fərdi məlumatlar haqqında məlumat verib. Bildirib ki, buraya fərdi identifikasiya məlumatları, sağlamlıq  tarixçəsi, cari sağlamlıq vəziyyəti, genetik məlumatlar, biometrik məlumatlar, tibbi  təsvirlər və s. aiddir. Səhiyyədə toplanan fərdi məlumatlar arxivləşdirilmiş, aktiv-tranzit və istifadə olunan məlumatları əhatə edir.

Fərdi tibbi məlumatların mərkəzləşdirilmiş qaydada saxlanmasının xərclərin optimallaşdırılması, sağlamlıq tarixçəsinin qorunub saxlanılması və diaqnostik nəticələrin əldə edilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib.

Səhiyyədə kibertəhdidlər və məlumatların qorunması məsələsinə toxunan məruzəçi, 2023-cü ildə aparılan tədqiqatlara əsasən, səhiyyə sahəsində kiberhücumların 60%-dən çoxunun tibbi məlumat bazalarına yönəldiyini bildirib: “Buraya həm də kiberhücumlar nəticəsində məlumatların üçüncü şəxslərin əlinə keçməsi, hüquqi və etik problemlərin yaranması, hücumlar nəticəsində xəstəxanaların fəaliyyətinin dayanması və pasiyent məlumatlarının sızması aiddir”.

A.Mustafa səhiyyədə şifrləmə metodlarının tətbiqi, simmetrik, assimetrik və homomorfik şifrələmə haqqında da məlumat verib.

O, aparılan tədqiqatların nəticələrindən bəhs edərək rəqəmsal transformasiyaların müasir səhiyyə sistemlərində mühüm rol oynadığını diqqətə çatdırıb. Sağlamlıq məlumatlarının mərkəzləşdirilmiş şəkildə toplanması və idarə olunmasının vacibliyini vurğulayıb. “Rəqəmsallaşan səhiyyə sistemlərində fərdi sağlamlıq məlumatlarının təhlükəsizliyini təmin etmək üçün şifrləmə metodlarından istifadə ilə məlumatların qorunması, məlumat sızmalarının qarşısının alınması və etibarlı rəqəmsal səhiyyə infrastrukturunun qurulması böyük əhəmiyyət kəsb edir”, – deyə məruzəçi bildirib.

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, fərdi tibbi məlumatların təhlükəsizliyinin qorunması məsələsinin müasir dövrdə böyük aktuallıq kəsb etdiyini söyləyib. Alim ölkə üzrə tibb sahəsində vahid data mühitin yaradılması, tibb fəzalara olan risklər və onlara qarşı mübarizə ilə bağlı yeni yanaşmanın təklif olunması, intellektual metod və texnologiyaların işlənilməsi istiqamətində təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.