Bakı Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Konstitusiya və Suverenlik İli: Torpaq islahatının yeni mərhələsi və ekoloji problemlərin həlli” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Məleykə Paşayeva “Qarabağ və Şərqi Zəngəzurda elektron tullantıların ekosistemə təsiri və dayanıqlı idarəetmə yanaşmaları” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, post-münaqişə dövründə regionda sürətlənən urbanizasiya və rəqəmsallaşma elektron tullantıların həcminin artmasına səbəb olmuşdur. İstifadə müddəti başa çatmış elektrik və elektron cihazların düzgün idarə olunmaması torpaq, su və hava ehtiyatlarının çirklənməsinə, habelə bioloji müxtəlifliyə ciddi təhdidlər yaradır.
Sonra M.Paşayeva işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları çərçivəsində e-tullantıların idarə olunmasında yeni texnoloji yanaşmaların zəruriliyindən bəhs edib. O, qeyd edib ki, ekoloji təhlükəsizliyin təmin olunması, resursların dayanıqlı istifadəsi və regionun uzunmüddətli sosial-iqtisadi inkişafı üçün e-tullantıların effektiv idarə olunmasına xidmət edən inteqrasiya olunmuş sistemlərin qurulması xüsusi əhəmiyyət daşıyır.
Tədqiqat çərçivəsində, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ekoloji vəziyyəti, tullantıların idarəetmə infrastrukturunun vəziyyəti və beynəlxalq təcrübə əsasında tətbiq edilə biləcək texnoloji həllər təhlil olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.