Proqram təminatının layihələndirilməsində vizuallaşdırma üsulları

22 May 2025 - 09:55 | Konfranslar, İclaslar
Proqram təminatının layihələndirilməsində vizuallaşdırma üsulları

ETN İnformasiya Texnologiyaları İnstitutunda “Proqram təminatının layihələndirilməsində vizuallaşdırma üsulları” mövzusunda şöbə seminarı keçirilib. Məruzəni təqdim edən institutun böyük elmi işçisi Nəzakət Məlikova proqram təminatının layihələndirilməsinin mürəkkəb və çoxşaxəli proses olduğu vurğulayıb, bu mərhələdə vizuallaşdırmanın mühüm rol oynadığını qeyd edib. Bildirib ki,vizuallaşdırma yalnız qrafik təsvirlərin yaradılması deyil, həm də proqram təminatının strukturunu, funksional əlaqələrini və informasiya axınlarını komanda üzvləri üçün aydın şəkildə təqdim edən bir vasitədir.

“Vizuallaşdırma daha strukturlaşdırılmış və anlaşılan proqram təminatı yaratmağa kömək edir, onun saxlanmasını və dəyişdirilməsini asanlaşdırır”, – deyə məruzəçi qeyd edib.

N.Məlikova layihələndirmədə istifadə olunan əsas vizuallaşdırma üsulları və onların əhəmiyyəti haqqında ətraflı məlumat verib. Həmçinin məlumat axını diaqramları (Data Flow Diagrams - DFD) və vahid modelləşdirmə dili (Unified Modeling Language - UML) diaqramları kimi geniş istifadə olunan modellərin tətbiqi imkanları, növləri və praktik faydaları barədə danışıb. Qeyd edib ki, UML-in sinif, obyekt, komponent, yerləşdirmə, fəaliyyət diaqramları sistemin müxtəlif aspektlərini təsvir etməyə və mümkün səhvləri erkən mərhələdə müəyyən etməyə imkan verir.

Məruzəçi vizuallaşdırmanı asanlaşdıran müasir proqram vasitələri – Microsoft Visio, Lucidchart, Wireflow, Cacoo və Google Drawing kimi alətlər haqqında da məlumat verib.

N.Məlikova çıxışın sonunda bildirib ki, vizuallaşdırma proqram təminatının dizaynında vacib element kimi çıxış edir, layihənin keyfiyyətini yüksəldir və inkişaf prosesinin səmərəliliyini artırır.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.