ETN İnformasiya Texnologiyaları İnstitutunda GEANT-ın (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsinin dəstəyi ilə eduROAM xidmətlərinin təşkili məsələlərinə həsr olunmuş təlimlərə start verilib.
Təlimlər AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin sistem/şəbəkə mütəxəssisləri, İT- mütəxəssisləri, eləcə də ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Qarabağ Universiteti, Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq şöbələrinin məsul şəxsləri üçün təşkil olunmuşdur.
Əvvəlcə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev Avropa Komissiyasının təsis etdiyi və tərəfdaş ölkələrin elm və təhsil sahələrində yüksək sürətli regional İnternet şəbəkəsinin qurulması, onların Avropanın elm və təhsil şəbəkə infrastrukturuna inteqrasiyasının təmin olunmasını nəzərdə tutan EaPConnect layihəsinin tərəfdaş ölkələr üçün təqdim etdiyi geniş imkanlardan bəhs edib. Alim Azərbaycanın 2010-cu ildən GEANT Assosiasiyasında İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsi vasitəsi ilə təmsil olunduğunu qeyd edərək EaPConnect layihəsinin 2015-ci ildən başlayaraq Azərbaycanda fəaliyyətdə olduğunu diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti EaPConnect layihəsi çərçivəsində təqdim edilən xidmətlərdən biri olan eduROAM-ın Azərbaycanın müxtəlif elm və təhsil qurumlarında geniş təşkilinin əhəmiyyətini qeyd edib. Alim eduROAM xidmətinin elm və təhsil müəssisələrin əməkdaşlarının xarici ölkələrə ezamiyyətləri zamanı, bu ölkələrin eduROAM xidmətlərinə qoşulan təşkilatların daxili şəbəkə infrastrukturundan istifadə etməklə İnternet şəbəkəsinə pulsuz və sərbəst qoşulmaq imkanları təqdim etdiyini vurğulayıb.
Alim eduROAM xidmətlərinin yaradılması və təşkilində AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin böyük rola malik olduğunu qeyd edərək, bu xidmətin AzScienceNet istifadəçiləri üçün dünyanın istənilən yerindən qlobal İnternet şəbəkəsinə qoşulmaq imkanı yaratdığını, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin bu xidmətlərdən yararlandığını bildirib.
Akademik R.Əliquliyev təlimlərin EaPConnect layihəsinin dəstəyi ilə eduROAM xidmətinin ölkəmizdə daha geniş yayılması, elm və təhsil qurumlarında bu xidmətlərin tətbiqi işlərinin təşkili məqsədilə keçirildiyini vurğulayıb.
Qeyd edək ki, üç gün davam edəcək təlim proqramı Yunanıstanın GRNET (Greek Research and Technology Network) şəbəkəsinin şəbəkə infrastrukturunun inkişafı üzrə məsul şəxsi Zenon Mousmoulas və autentifikasiya və avtorizasiya infrastrukturu həlləri üzrə tədqiqatçısı Halil Adem tərəfindən tədris olunur.
Təlimlərin birinci günündə “eduROAM-a giriş: icmal və üstünlüklər”, “eduROAM arxitekturası və yerləşdirilmə ərazilərinin planlaşdırılması”, “Identity Provider-in (IdP) quraşdırılması və RADIUS konfiqurasiyası”, “Xidmət provayderinin konfiqurasiyası və şəbəkəyə inteqrasiyası”, eləcə də “eduROAM-a qoşulma: istifadəçi təcrübəsi və dəstək” mövzuları üzrə müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.