Müasir dövrün ən aktual problemlərindən biri olan iqlim dəyişikliklərinin geniş təsirləri bütün dünyada hiss olunur. Qlobal temperaturun yüksəlməsi, ekstremal hava hadisələri və ətraf mühitin deqradasiyası yalnız dünyada gedən proseslərə deyil, həm də iqtisadi inkişafa öz dərin təsirini göstərməkdədir. Bu kontekstdə rəqəmsal transformasiyaların iqlim dəyişikliyinin azaldılmasında və uyğunlaşmasında rolu çox əhəmiyyətlidir. Dünya qarşısında duran böyük problemlərdən biri olan qlobal iqlim dəyişikliyi ilə mübarizəyə Azərbaycan da öz töhfəsini verməkdədir.
Bu barədə ETN İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal transformasiya şəraitində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) çağırışlarından ölkə üzrə irəli gələn problemlərin tədqiqi məsələlərinə həsr olunmuş elmi seminarda məlumat verilib.
Seminarda institutun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Əlövsət Əliyev və institutun əməkdaşı Südabə Abasovanın birgə müəllifi olduqları məruzəni Ə.Əliyev təqdim edib. Məruzəçi Azərbaycanda iqlim problemlərinin həllində tətbiq olunan rəqəmsal transformasiya və texnologiyalar sahəsində mövcud vəziyyət, COP29-un çağırışları fonunda qarşıya çıxan əsas problemlər, COP29 qərarlarından çıxan yeni inkişaf imkanları və həll yolları haqqında məlumat verib.
O, COP-29-un ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına yeni imkanlar açdığını qeyd edərək qlobal çağırışlara uyğun olaraq ölkədə yaşıl enerji, yaşıl texnologiya, yaşıl iqtisadiyyat, yaşıl təfəkkür və s. sürətlə inkişaf etdiyini diqqətə çatdırıb.
“Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetlərindən biridir”, - deyən Ə.Əliyev hazırda tətbiq olunan rəqəmsal transformasiya və süni intellekt metodlarının iqlim dəyişikliklərinə qarşı mübarizədə əsas vasitələrdən biri kimi böyük rola malik olduğunu qeyd edib. Bildirib ki, əsas məqsəd rəqəmsal transformasiya prosesində COP29-un prioritetləri fonunda Azərbaycanda qarşıya çıxan problemləri və onların həll yollarını müəyyənləşdirməkdən ibarətdir. Tədqiqatçı COP29-un təşəbbüslərinin iqlim dəyişikliyinə qarşı qlobal səyləri birləşdirmək və dayanıqlı gələcəyin qurulmasına töhfə verməyi hədəflədiyini də əlavə edib.
Professor Ə.Əliyev həmçinin COP29-un çağırışlarından irəli gələrək qarşıya çıxan rəqəmsal infrastrukturun qeyri-bərabər inkişafı, məlumatların keyfiyyətsizliyi və çatışmazlığı, süni intellekt və Big Data texnologiyalarının tətbiqində hüquqi boşluqlar, iqlimlə bağlı rəqəmsal innovasiyalara yatırımın aşağı səviyyədə olması, şəffaflıq və hesabatlılıq üçün texniki baza və insan kapitalı çatışmazlığı ilə bağlı əsas problemləri də qeyd edib. COP29 qərarlarından çıxan yeni inkişaf imkanları və həll yollarını təqdim edərək Milli səviyyədə “Yaşıl rəqəmsal transformasiya” strategiyasının hazırlanması, yerli “climate tech” startaplarının dəstəklənməsi, mərkəzləşdirilmiş iqlim məlumat bazasının yaradılması zərurətini bildirib.
Daha sonra böyük elmi işçi S.Abasova regionlarda rəqəmsal savadlılıq proqramlarının genişləndirilməsi, eləcə də COP29 çərçivəsində beynəlxalq tərəfdaşlıqlardan faydalanmağın böyük səmərə verəcəyi haqqında bəzi məlumatlar təqdim edib.
Sonda mövzuya dair çıxışını davam etdirən professor Ə.Əliyev bu istiqamətdə dövlət qurumları, elmi müəssisələr və özəl sektorun innovativ həllər üzərində birgə iş aparmasının vacibliyinə toxunub, iqlim dəyişikliklərinə qarşı mübarizədə rəqəmsal vasitələrin tətbiqinin milli təhlükəsizlik və dayanıqlı inkişaf üçün strateji əhəmiyyət kəsb etdiyini bildirib.
Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.