“Mədəni bitkilərin genetik ehtiyatlarının qorunması və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanunu və həmin qanunun icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, AR ETN Genetik Ehtiyatlar İnstitutu müvafiq sahədə Milli Əlaqələndirici İnstitut, yaratdıqları bitki genbankı isə Milli Genbank elan edilmiş, ona qorunan ərazi statusu verilmişdir. Həmçinin qeyd edilən qanuna əsasən, institutda Azərbaycanın bitki genetik ehtiyatlarının Mərkəzi Məlumat Bazası fəaliyyət göstərməkdədir.
Hazırda ölkəmizdə bütün genetik ehtiyatlar Milli Genbankda toplanıb mühafizə edilir, onlara aid məlumatlar Mərkəzi Məlumat Bazasında qeyda alınır və onun idarə olunması Elmi-Texniki Şura tərəfindən həyata keçirilir.
Mərkəzi Məlumat Bazasının bitki genetik ehtiyatları üzrə beynəlxalq informasiya sistemlərinə inteqrasiyası və onlayn istifadə edilməsi həm bu ehtiyatların yerli və qlobal səviyyədə öyrənilməsi, səmərəli istifadəsi və mübadiləsi, həm də Azərbaycanın qiymətli və nadir brend nümunələr üzərində hüquqlarının tanınması baxımından böyük əhəmiyyət daşıyır.
Beynəlxalq informasiya şəbəkələrindən olan GRIN-Global Community Edition (GGCE) ərzaq təhlükəsizliyi, dayanıqlı kənd təsərrüfatı və aqrobiomüxtəlifliyin qorunması sahəsində qlobal təşəbbüsün bir hissəsidir. Sistem dünyanın onlarla ölkəsində tətbiq olunur və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Beynəlxalq Biomüxtəliflik İnstitutu və Mədəni Bitkilər üzrə Beynəlxalq Etimad Fondu kimi nüfuzlu təşkilatlar tərəfindən dəstəklənir. Qurumun əsas məqsədi toxum və vegetativ çoxaldılan nümunələrin qeydiyyatının, saxlanmasının və məlumat mübadiləsinin həyata keçirilməsidir.
Ölkənin bitki genetik ehtiyatlarının beynəlxalq standartlara uyğun idarə edilməsi məqsədilə Genetik Ehtiyatlar İnstitutunun müraciəti əsasında, GGCE sisteminin ETN İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet şəbəkəsinin Data Mərkəzində yerləşdirilməsi və istismarının həyata keçirilməsi qərara alınıb.
GGCE sistemi ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının davamlı inkişafı və biomüxtəlifliyin qorunması sahəsində qlobal əhəmiyyət daşıyan beynəlxalq informasiya platformasıdır. İnformasiya Texnologiyaları İnstitutunun müasir texnoloji infrastrukturu sistemin yüksək əlçatanlığı, təhlükəsizliyi və optimal idarə olunmasını təmin edəcəkdir.
Bu layihənin həyata keçirilməsi ilə Azərbaycanın yerli bitki kolleksiyalarının rəqəmsal qeydiyyatı və idarə edilməsi, beynəlxalq elmi əməkdaşlıq və yüksəksürətli məlumat mübadiləsində fəal iştirak, elmi məlumatların şəffaflığının və əlçatanlığının təmin edilməsi, ölkənin biomüxtəlifliyin qorunması üzrə beynəlxalq öhdəliklərinin həyata keçirilməsi məqsədlərinə nail olunacaqdır.
Layihənin uğurla reallaşdırılması üçün AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzində xüsusi resurslar ayrılıb. Hazırda server infrastrukturunun beynəlxalq tələblərə uyğun konfiqurasiyası istiqamətində işlər aparılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.