Server sistemlərinin təkmilləşdirilməsi məsələlərinə dair məruzə dinlənilib

16 May 2025 - 09:36 | Konfranslar, İclaslar
Server sistemlərinin təkmilləşdirilməsi məsələlərinə dair məruzə dinlənilib

ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən şöbə seminarında yenilənmiş “Server sistemlərinin təkmilləşdirilməsi: PHP platformasının versiyaları və CentOS-dan AlmaLinux-a keçid” mövzusunda məruzə dinlənilib.

Mövzuya dair çıxış edən institutun baş mütəxəssisi Aqşin Paşayev bildirib ki, müasir dövrdə veb texnologiyaların sürətli inkişafı bir tərəfdən proqramlaşdırma dillərinin, digər tərəfdən isə həmin dilləri dəstəkləyən əməliyyat sistemlərinin yenilənməsini zəruri etmişdir: “Əməliyyat sistemlərinin, proqramlaşdırma dillərinin də zamanla təkmilləşdirilməsi, yeni təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparmağa və yeni texnologiyalarla uyğunlaşmağa imkan verir”.

PHP-nin (Hypertext Preprocessor) yaranma tarixi, inkişaf mərhələləri və yeni versiyalarının üstünlükləri haqqında məlumat verən A.Paşayev qeyd edib ki, bu proqramlaşdırma dili 1994-cü ildə Rasmus Lerdof tərəfindən yaradılmışdır. İlkin olaraq Personal Home Page sözlərinin baş hərfləri ilə tanınmış, sonra isə Hypertext Preprocessing adını almışdır. PHP 1995-ci ildən etibarən davamlı olaraq inkişaf etdirilmiş və müxtəlif versiyalar vasitəsilə təhlükəsizlik, sürətlilik və funksionallıq baxımından əhəmiyyətli yeniliklər gətirmişdir.

Sonra o, CentOS-un Linux tərəfindən dəstəklənməsinin dayandırılması və WHM (WebHost Manager — veb serverlərin və hostinq resurslarının idarə olunması üçün nəzərdə tutulmuş bir idarəetmə panelidir) tələbləri barədə məlumat verib.

AzScienceNet Şəbəkə İdaretmə Mərkəzi (ŞİM) tərəfindən informasiya resurslarının yenilənməsi məsələlərindən söz açan A.Paşayev bildirib ki, müxtəlif domen adları altında fəaliyyət göstərən veb-resurslar var ki, onlar AzScienceNet ŞİM-nin Data Mərkəzində yerləşdirilmişdir. Həmin resursların təhlükəsiz və səmərəli fəaliyyəti, mütəmadi ehtiyat nüsxələrinin çıxarılması, iş prosesində baş verən müxtəlif nasazlıqların aradan qaldırılması, xüsusi proqram modullarının yazılması və s. istiqamətində işlər görülür: “Bu kimi tədbirlər ötən il Azərbaycan Respublikasi Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən də həyata keçirilmişdir”.

O, həmçinin İnformasiya Texnologiyaları İnstitutuna məxsus informasiya resursları barədə məlumatları seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.