ETN İnformasiya Texnologiyaları İnstitutunda “Fişinq və saxta mətn mesajlarının təbii dilin emalı əsasında aşkarlanması” mövzusuna həsr olunmuş elmi seminar keçirilib.
İnstitutun doktorantı Vüsal Şahbazov məruzəni təqdim edərək “Mətnlərdə kibertəhlüklərin aşkarlanması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılan tədqiqatlar haqqında məlumat verib, mövzunun aktuallığından danışıb. Bildirib ki, dövlət başçısı İlham Əliyevin imzaladığı “2023-2027-ci illər üçün Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası” və “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”, eyni zamanda son zamanlar Azərbaycanın informasiya məkanına olan kiberhücumların genişlənməsi kibertəhlükəsizliyin müxtəlif aspektləri ilə bağlı tədqiqatların dərinləşdirilməsini zəruri etmişdir.
İstifadəçinin cihazında fişinqin aşkarlanması məsələsindən bəhs edən tədqiqatçı, bu üsulun bir sıra müsbət və mənfi tərəflərinin olduğunu qeyd edib: “İnternetdən aslı olmayaraq, zəng və ya mesajlarda fişinqin maşın təlimi alqoritmləri ilə aşkarlanması, fişinqin sürətli aşkarlanması və ona sürətli reaksiya, istifadəçinin məlumatlarının konfidensiallığı bu üsulun üstünlüklərinə aiddir. İstifadəçinin cihazının texniki parametrlərinin modelin işləməsi üçün kifayət etməməsi isə əsas çətinliklərdən biridir”.
Fişinqin aşkarlanmasının əsas prinsiplərini diqqətə çatdıran məruzəçi, bu zaman 5 sadə maşın təlimi modelinin tətbiq olunmasının, mobil cihazlara uyğun, sürətli və paralel proseslərdə daha səmərəli nəticə verən proqramlaşdırma dilindən istifadənin nəzərdə tutulduğunu vurğulayıb, həmçinin maşın təlimi modelləri barədə danışıb.
O, Go (Golang) proqramlaşdırma dili haqqında da məlumat verərək, bu dilin 2007-ci ildə “Google” şirkəti tərəfindən yazılmağa başlanıldığını, onun istifadəyə verilmə səbəbinin isə Google-un daxili sistemlərini daha sürətli, etibarlı və səmərəli etmək üçün nəzərdə tutlduğunu deyib. Eləcə də GO vs Python proqramlaşdırma dillərinin əsas xüsusiyyətlərini müqayisəli şəkildə təhlil edib.
Məruzə ilə bağlı fikirlərini səsləndirən AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev mətnlərdə kibertəhlükələrin aşkarlanması sahəsində problemlərin daha dərindən tədqiq edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və məqalələrin hazırlanmasına dair təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.