Azərbaycanda şəbəkə texnologiyalarının yaranması tarixinə həsr olunmuş məqalə “Azərbaycan tarixşünaslığı” jurnalında çap olunub

19 May 2025 - 12:12 | Yeni nəşrlər
Azərbaycanda şəbəkə texnologiyalarının yaranması tarixinə həsr olunmuş məqalə “Azərbaycan tarixşünaslığı” jurnalında çap olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və elmi işçi, Tarix və Etnologiya İnstitutunun dissertantı Gülnar Paşayevanın müəllifi olduqları “Azərbaycanda şəbəkə texnologiyalarının meydana gəlməsi və inkişafı” adlı məqalə Tarix və Etnologiya İnstitutunun dövri elmi nəşrlərinə daxil olan “Azərbaycan Tarixşünaslığı” jurnalında çap olunub.

Məqalədə Azərbaycanda şəbəkə texnologiyalarının, İnternetin yaranması, formalaşması və inkişafı ilə bağlı araşdırmalar aparılıb. Bu məqsədlə dünyada ilk kompüter şəbəkəsinin yaradılması tarixi və bu sahədə aparılan tədqiqatlar haqqında məlumat verilib.

Tədqiqat zamanı, həmçinin keçmiş SSRİ-də və Azərbaycanda İnternetin yaranması ilə bağlı ilkin addımlar, ölkəmizdə İnternet şəbəkəsinin inkişafı mərhələləri, Azərbaycanda İKT-nin və İnternetin inkişafı istiqamətində həyata keçirilən mühüm tədbirlər, Ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə İKT suverenliyinin təmin olunması istiqamətində həyata keçirdiyi dövlət siyasəti tədqiq olunub.

Qeyd edək ki, “Azərbaycan Tarixşünaslığı” jurnalında dünya və Azərbaycan tarixi, eləcə də beynəlxalq münasibətlər tarixinə dair müxtəlif məzmunlu elmi məqalələr yer alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.