İKT-nin sürətli inkişafı, geniş yayılması, insan fəaliyyətinin bütün sahələrinə dərindən nüfuz etməsi, dünya əhalisinin kütləvi olaraq İKT-dən istifadə etməsi, eyni zamanda, kibercinayətkarlığın artması, fərdi məlumatların oğurlanması və s. kibertəhlükəsizliklə bağlı aparılan tədqiqatların aktuallığını şərtləndirən amillərdir.
ETN İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri üzrə elmi tədqiqatlar aparan şöbənin “Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılmasının elmi-nəzəri və konseptual əsasları” mövzusuna həsr olunmuş seminarı keçirilib.
Seminarda institutun böyük elmi işçisi Könül Daşdəmirova çıxış edərək bildirib ki, tədqiqatın aparılmasında əsas məqsəd milli informasiya təhlükəsizliyinə olan sosial miqyaslı kibertəhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi, milli səviyyədə rəqəmsal kriminogen vəziyyətin nəzarətdə saxlanılması üçün milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılmasının elmi-nəzəri əsaslarının və konseptual modelinin işlənilməsidir.
Fərdin maraqlarına yönəlmiş kibertəhlükələrdən söz açan tədqiqatçı qeyd edib ki, buraya fərdi məlumatların oğurlanması, fərdin ətrafında “virtual informasiya məkanı” formalaşdırmaqla insanın şüurunu idarə etmək, onun əqli fəaliyyətinə təsir göstərmək, süni intellekt texnologiyalarından istifadə edərək fərdin maraqları və s. aiddir.
Onun sözlərinə görə, yeni media vasitələrinin bir qrup şəxslərin əlində cəmləşməsi və cəmiyyətə öz mənafelərinə uyğun məlumatların ötürülməsi, İnternetdə bədniyyətlilər tərəfindən cəmiyyətin ictimai stabilliyini, birliyini, rifahını pozmağa yönəlmiş neqativ informasiyanın, saxta xəbərlərin, qərəzli məlumatların və s. yayılması, bədniyyətlilər tərəfindən cəmiyyətin həyatını təmin edən vacib infrastrukturların informasiya sistemlərinə və rabitə şəbəkələrinə yönəlmiş kiberhücumlar cəmiyyətin maraqlarına yönəlmiş kibertəhlükələrdir.
Dövlətin maraqlarına yönəlmiş kibertəhlükələrə isə informasiya müharibələri, milli və beynəlxalq kompüter cinayətlərinin genişlənməsi, qlobal və ya milli informasiya və telekommunikasiya sistemlərindən istifadə edərək qanunsuz vəsaitlərin yuyulması, İnternetdə kiberterrorizm və ekstremizm təhdidlərinin yayılması aiddir.
O, fərdin, cəmiyyətin və dövlətin maraqlarına yönəlmiş kibertəhlükələrin növlərini də diqqətə çatdırıb. Fişinq və sosial mühəndislik hücumları, fərdi məlumatlara olan kiberhücumlar, süni intellektə və maşın öyrənməsinə əsaslanan hücumlar haqqında məlumat verib.
Sonra o, milli informasiya məkanında informasiya təhlükəsizliyinin təmin olunması üçün görülməsi zəruri olan təşkilati və texniki tədbirlər haqqında məlumat verib, bu sahədə beynəlxalq əıməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
K.Daşdəmirova həmçinin CERT komandaları haqqında ümumi məlumatları təqdim edib, milli kibertəhlükəsizlik monitorinq sistemi və CERT komandasının əsas funksiyaları, növləri haqqında məlumatları nəzərə çatdırıb.
Sonda AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək aparılan tədqiqatlar və əldə olunan nəticələrə münasibətini bildirib. Alim ölkə rəhbərliyi tərəfindən kibertəhlükəsizlik məsələlərinə böyük diqqət ayrıldığını bildirərək, bu istiqamətdə aparılan tədqiqatların böyük aktuallıq kəsb etdiyini vurğulayıb, kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması ilə bağlı araşdırmaların davam etdirilməsinə dair təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.