“Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” konfransının materialları məqalələr toplusu şəklində dərc olunub

01 May 2025 - 11:21 | Yeni nəşrlər
“Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” konfransının materialları məqalələr toplusu şəklində dərc olunub

ETN İnformasiya Texnologiyaları İnstitutu, Azərbaycan Texniki Universiteti, Milli Aerokosmik Agentliyi və ETN Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə 7 noyabr 2024-cü il tarixində keçirilmiş “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktiki konfransının materialları məqalələr toplusu şəklində dərc olunub. Topluya daxil edilən materiallar konfransdakı məruzələrin müəllifləri tərəfindən yenidən işlənilərək təkmilləşdirilmişdir.

Məqalələr toplusu qlobal və milli səviyyədə yaşıl cəmiyyətə və iqtisadiyyata keçidin formalaşması, bu prosesdə effektivliyin yüksəldilməsi məqsədi ilə rəqəmsal texnologiyalar, innovasiyalar və transformasiyaların tətbiqi, işlənilməsi problemləri və onların həlli istiqamətlərinin, mexanizmlərinin tədqiqi məsələlərinə həsr olunmuşdur. Məqalələrin mövzusu həm elmi-nəzəri və sosial-iqtisadi, həm də texniki-texnoloji və regional aspektdə aktualdır. Onların elmi tədqiqat işi kimi nəticələrinin nəzərə alınması və təqdim olunan tövsiyələrin yerinə yetirilməsi ölkənin yaşıl iqtisadiyyata keçidinin səmərəliliyini yüksəldə bilər.

Məqalələr toplusunda COP29-un çağırışları kontekstində yaşıl iqtisadiyyata keçid və iqlim dəyişiklikləri problemlərinin həllində yaşıl və rəqəmsal texnologiyalar, transformasiyalar, onların təsirləri və neqativ-pozitiv aspektləri, o cümlədən yaşıl iqtisadiyyatın formalaşmasında süni intellekt, Əşyaların İnterneti, 3D-çap texnologiyaları, ekoloji problemlər və İKT, radiasiya təhlükəsizliyi və yaşıl cəmiyyət, yaşıl enerji və smart texnologiyalar və s. kimi aktual mövzularda məqalələr təqdim olunub.

Toplunun “Yaşıl cəmiyyətin formalaşmasında rəqəmsal texnologiyalar və transformasiyaların qarşılıqlı təsirləri” bölməsi üzrə 24, “Yaşıl iqtisadiyyata keçidin elmi-praktiki problemlərinin pozitiv və neqativ aspektləri” bölməsi üzrə isə 26 məqalə işıq üzü görüb.

Məqalələr toplusu texnika və iqtisad elmlərinin müvafiq alt sahələrində elmi-tədqiqat işləri aparan alimlər, mütəxəssislər, doktorantlar və dissertantlar üçün nəzərdə tutulmuşdur. Elmi redaktoru İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Əlövsət Əliyevdir.

Məqalələr toplusu ilə, eləcə də topluya daxil edilmiş məqalələrə bu linkə keçid etməklə tanış olmaq olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.