Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

28 Aprel 2025 - 11:22 | Konfranslar, İclaslar
Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin dərin təlim əsasında monitorinqi üçün metodun işlənilməsi” mövzusunda müzakirələr aparılıb. İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevlə həmmüəllif olduqları tədqiqat işinin nəticələrini təqdim edib.

Müasir kompüter şəbəkələrinin çox böyük həcmdə məlumatlar generasiya etdiyini söyləyən tədqiqatçı ənənəvi monitorinq metodlarının böyük həcmdə məlumatları analiz etməkdə müəyyən məhdudiyyətlərə malik olduğunu deyib. 

R.Şıxəliyev kibertəhlükəsizliyin monitorinqi üçün dərin təlim (DT) əsasında metod təklif edildiyini, şəbəkə trafikinin təsnifatı üçün MnasNet-LSTM hibrid modeldən istifadə olunduğunu bildirib. Qeyd edib ki, MnasNet-LSTM-i hibrid modeli həm məkan, həm də zaman əlamətlərinin çıxarılmasına imkan verir.

Kibertəhlükəsizliyin monitorinqi problemlərindən söz açan məruzəçi buraya böyük həcmli məlumatların real zamanda analizi və yeni və mürəkkəb təhlükələrin aşkarlanmasının aid olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitirinqi zamanı dərin təlimin istifadəsi böyük verilənlərin analizi üçün effektiv olmaqla yanaşı, zamana görə gizli əlamətləri də aşkarlaya bilir. Həmçinin müxtəlif xüsusiyyətlərə görə verilənləri analiz etməyə imkan yaradır.

Sonra məruzəçi kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin dərin təlim modeli əsasında monitorinqi üçün təklif edilən metod haqqında məlumat verib. Bildirib ki, yeni metodun komponentlərinə verilənlərin toplanması, ilkin emalı, dərin təlim modelinin təlimi və çıxış komponenti aiddir.

R.Şıxəliyev MnasNet-LSTM modeli haqqında ətraflı məlumat verib, onun arxitekturasını təqdim edib.  Həmçinin eksperimentin parametrləri və nəticələrini diqqətə çatdırıb.

Tədqiqatın nəticələrindən bəhs edən baş elmi işçi MnasNet-LSTM hibrid modelinin kibertəhlükəsizlikdə çoxsinifli təsnifat üçün daha effektiv olduğunu qeyd edib: “Bu, xüsusilə mürəkkəb şəbəkə trafikinin bir model əsasında təsnifatının məhdudiyyətlərini aradan qaldırmağa imkan verir. MnasNet-LSTM şəbəkə trafikinin təsnifatında yüksək dəqiqlik göstərmişdir və kibertəhlükəsizliyin monitorinqi üçün daha effektiv model hesab edilir”.

Məruzə ilə bağlı geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda akademik Rasim Əliquliyev çıxış edərək aparılan tədqiqatlar və əldə olunan nəticələrə münasibətini bildirib. Alim kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin təmin olunması istiqamətində aparılan tədqiqatları yüksək qiymətləndirib. Eyni zamanda, dərin təlim texnologiyaları ilə bağlı araşdırmaların aparılmasını tövsiyə edib, irad və təkliflər nəzərə alınmaqla tədqiqat işinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.