Müasir axtarış sistemlərinin daha çevik və etibarlı fəaliyyəti üçün yeni yanaşma təklif edilib

24 Aprel 2025 - 11:06 | Konfranslar, İclaslar
Müasir axtarış sistemlərinin daha çevik və etibarlı fəaliyyəti üçün yeni yanaşma təklif edilib

Qraf əsaslı axtarış sistemlərində veb səhifələrin sıralama parametrlərinin hesablanmasını təkmilləşdirmək üçün yeni yanaşma təklif edilib. Bu istiqamətdə tədqiqat nəticələrini əks etdirən məqalə nüfuzlu Springer nəşriyyatının Automatic Control and Computer jurnalında çap olunub.

ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarda “Veb-səhifələrin ranqlaşdırılması üçün qraf neyron şəbəkəsinə əsaslanan modelin işlənməsi” mövzusunda müzakirələr aparılıb.

Mövzuya dair institutun dissertantı Süleyman Süleymanzadə çıxış edərək bildirib ki, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva ilə birgə aparılan tədqiqatda zona bölünməsi strategiyası irəli sürülüb, veb səhifələrin qraf strukturlarında sıralama məlumatlarının analizi və işarələnməsi üçün bir neçə neyron şəbəkə klassifikatoru və qraf neyron şəbəkələrindən istifadə təklif edilib. Bildirib ki, bu yanaşma müasir axtarış sistemlərinin daha çevik və etibarlı fəaliyyətinə səbəb olacaq.

Tədqiqatçının sözlərinə görə, strateji bölünmə və çox model yanaşması veb əsaslı sıralama sistemlərinin dəqiqliyini və dayanıqlılığını artıra bilər: “Bu, müasir veb məlumatların mürəkkəbliyi və miqyasını daha effektiv idarə edə bilən “ağıllı” axtarış sistemləri üçün yeni istiqamətlər açır”.

S.Süleymanzadə bildirib ki, tədqiqat qraf əsaslı maşın öyrənməsi, xüsusilə məlumat axtarışı, axtarış mühərriklərinin optimallaşdırılması və ağıllı veb sistemlərinin inkişafına töhfə verir.

Sonra çıxış ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev aparılan tədqiqatların nəticələrinə dair fikirlərini bölüşüb. Alim müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi və müqayisəli analizin aparılmasının vacibliyini vurğulayıb, irad və təkliflər nəzərə alınmaqla dissertasiya işinin başa çatdırılmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.