Təsviri incəsənət sahəsində süni intellekt texnologiyalarının tətbiqi məsələləri araşdırılır

22 Aprel 2025 - 10:09 | Konfranslar, İclaslar
Təsviri incəsənət sahəsində süni intellekt texnologiyalarının tətbiqi məsələləri araşdırılır

ETN İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi Könül Daşdəmirova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşəbbüsü, İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universitetinin təşkilati dəstəyi ilə keçirilmiş “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-nəzəri konfransda məruzə ilə çıxış edib.

K.Daşdəmirova konfransın “Elektron kataloq yüksək informasiya texnologiyalarının nəticəsi kimi” adlı bölmə iclasında “Təsviri incəsənət sahəsində süni intellekt texnologiyalarının tətbiqi və rəqəmsal yaradıcılığın gələcək perspektivləri” mövzusunda məruzəni təqdim edib.

Məruzəçi informasiya-kommunikasiya texnologiyalatrının (İKT) incəsənət sahəsində tətbiqinin yaradıcı insanlar üçün yeni imkanlar açdığını və rəqəmsal incəsənətin formalaşmasına şərait yaratdığını bildirib. 

O, təsviri incəsənət sahəsində süni intellekt texnologiyalarının tətbiqi tarixindən bəhs edib, hazırda süni neyron şəbəkələri və dərin təlim metodlarından sənət əsərləri yaratmaq, təhlil etmək və dəyişdirmək üçün geniş istifadə olunduğu bildirib.

“Çoxqatlı süni neyron şəbəkələrində dərin təlim metodlarından istifadə təsvirin tanınması istiqamətində inqilabi irəliləyişə səbəb olub”, – deyən K.Daşdəmirova İKT-nin tətbiqi ilə rəqəmsal muzeylərin yaradıldığı və süni intellektin muzeylərin dinamik inkişafına müsbət təsir göstərdiyi vurğulayıb.

K.Daşdəmirova məruzəsində sənət əsərlərinin yaradılması proseslərində istifadə olunan süni intellekt əsaslı proqramlardan bəhs edib, süni intellektin yaradıcılıq prosesinə tətbiqinin perspektivləri və problemləri barədə məlumat verib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.