Hazırda dünyada üçölçülü (3D) printerlərin plastik kütlədən kiçik detallar çap etməyə imkan verən sadə stolüstü modelləri ilə yanaşı, metaldan hazırlanmış ən mürəkkəb formaların detallarını istehsal edə bilən yüksək səviyyəli modelləri də kifayət qədərdir.
Yerdə, eləcə də digər planetlərdə tikili inşa etmək qabiliyyəti olan üçölçülü inşaat printerləri də mövcuddur, lakin bu printerlərin heç birindən tamamlanmış qurğu əldə etmək olmur.
Voxel8 plastik kütlə ilə ənənəvi çapdan əlavə, obyektin daxilində cərəyan keçirici naqillərlə birləşdirilmiş standart komponentlərdən işlək elektron sxem yarada bilən ilk üçölçülü printerdir.
dailytechinfo.org saytının məlumatına görə, qurğunu “Voxel8” və tanınmış “Autodesk” şirkətinin mütəxəssisləri hazırlayıb. Autodesk şirkəti həm printerin konstruksiyasının hazırlanması, həm də onun elektron sxeminin paralel şəkildə yaradılması üçün istifadə olunan ixtisaslaşdırılmış Project Wire proqram təminatının müəllifidir.
Printerdə cərəyan keçirici mürəkkəb olaraq bu kimi maddələrlə müqayisədə yüksək elektrik keçiriciliyinə malik olan gümüş əsaslı xüsusi qarışıqdan istifadə olunur.
Printerin iş prosesi əvvəlcədən hazırlanmış hissələrdə standart elektron komponentlər, mikrosxemlər, tranzistorlar, rezistorlar, kondensatorlar və s.-nin əllə yerləşdirilməsi üçün dayaqlar nəzərdə tutur.
Voxel8 printerlərinin dəyəri 8499 ABŞ dolları olsa da, sifarişlərin sayı getdikcə artır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.