Mobil bulud hesablama sistemlərinin optimal sintezi ilə bağlı aparılan tədqiqatların elmi-nəzəri nəticələri təqdim olunub

17 Aprel 2025 - 09:35 | Konfranslar, İclaslar
Mobil bulud hesablama sistemlərinin optimal sintezi ilə bağlı aparılan tədqiqatların elmi-nəzəri nəticələri təqdim olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunda iki struktur bölmənin növbəti birgə elmi seminarı keçirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev tədbirin institutun baş mütəxəssisi Oqtay Ələkbərovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi üzrə alınmış elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.

O.Ələkbərov “Mobil bulud hesablama sistemlərinin optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin 3-cü və 4-cü fəsilləri üzrə aparılmış tədqiqatlar, əldə olunmuş nəticələr haqqında məlumat verib. O.Ələkəbrov tədqiqat işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını diqqətə çatdırıb. Məruzəçi mobil bulud hesablama sistemlərində virtual maşınların optimal seçilməsi metodu və alqoritminin, bulud hesablama sistemlərində məsələnin minimal xərclə həllini təmin edən virtual maşınların seçilməsi alqoritminin, o cümlədən mobil bulud hesablama sistemlərində klaudletlərdən səmərəli istifadə metodunun işlənildiyini bildirib. Əlavə edib ki, təklif edilən metodların adekvatlığının yoxlanması üçün kompüter ekspermentləri aparılmışdır.

O, iş çərçivəsində bulud server və klaudletdən istifadə məsələlərinin müqayisəli analiz olunduğunu bildirib. Həmçinin mobil bulud hesablama sistemlərində mobil cihazlarda məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün mexanizmlərin işlənildiyini qeyd edib. Tədqiqatçı fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün SECaaS  platforması xidmətindən istifadə edilməsinin təklif olunduğunu qeyd edib, təklif edilən antivirus proqram təminatlarının müqayisəli analiz olunduğunu diqqətə çatdırıb.

Məruzə ətrafında fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.

Dissertasiya işi üzrə elmi rəhbər akademik Rasim Əliquliyev çıxış edərək mobil bulud hesablama sistemlərinin optimal sintezi problemləri ilə bağlı aparılan tədqiqatların nəticələrinə münasibətini bildirib. Akademik Rasim Əliquliyev tədqiqat işində alınmış elmi-nəzəri nəticələri yüksək qiymətləndirib və səsləndirilən təklif və tövsiyələr nəzərə alınmaqla dissertasiya işinin institutun elmi seminarının müzakirəsinə təqdim olunmasını tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.