ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin elmi seminarında “Müasir elmmetrik indekslər və onların tədqiqi” mövzusunda məruzə ətrafında müzakirələr aparılıb.
Seminarda şöbənin əməkdaşı Nərgiz Abdullayeva çıxış edərək bildirib ki, elmmetriya elmi fəaliyyətin ölçülməsi və qiymətləndirilməsi ilə məşğul olan bir sahədir. Ənənəvi elmmetrik göstəricilərdən bəhs edən məruzəçi, bunlara misal olaraq h-indeks, g-indeks, İF və s. haqqında məlumat verib.
Hazırda elmi fəaliyyətin daha geniş qiymətləndirilməsi üçün yeni və müasir indekslərin mövcud olduğunu qeyd edən N.Abdullayeva, i10 indeks, S indeks, R indeks, həmçinin altmetriya və Plum X kimi sistemləri misal göstərib. Bildirib ki, bu indekslər əsasən alimlərin sosial şəbəkələrdə və açıq elmi platformalarda aktivliyini qiymətləndirir: “Bu indekslər elmi biliklərin paylaşılması və ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir. İstinad sayından əlavə, indekslər həmin istinadların nüfuzlu jurnallarda olub-olmamasını da nəzərə alır. Bununla yanaşı, elmi məqalələrin cəmiyyətdə nə dərəcədə maraq doğurduğunu və yayılma dərəcəsini ölçməyə imkan verir”.
Tədqiqatın nəticələrindən bəhs edən məruzəçi qeyd edib ki, yeni indekslərin üstünlükləri daha geniş qiymətləndirmə imkanlarının olmasındadır. Onun sözlərinə görə, ənənəvi indekslər yalnız akademik istinadları nəzərə alırdısa, müasir qiymətləndirmə indeksləri tədqiqatçıların cəmiyyətlə əlaqəsini də ölçməyə imkan verir.
N.Abdullayeva gələcəkdə bu indekslərin daha da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Əlavə edib ki, müxtəlif sahələr üçün spesifik indekslərin tətbiq olunması, hər sahənin özünəməxsus qiymətləndirmə mexanizmlərinin qurulması planlaşdırılır.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.