Bioaləmdən qaynaqlanan süni intellekt texnologiyaları araşdırılır

15 Aprel 2025 - 11:32 | Konfranslar, İclaslar

Ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, yüksəkixtisaslı kadr potensialını gücləndirmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq olunmuşdur. Strategiyadan irəli gələrək müvafiq dövlət qurumları, o cümlədən bu sahədə tədqiqatlar aparan alim və mütəxəsisslər qarşısında mühüm vəzifələr qoyulmuşdur. Sevindirici haldır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda uzun illərdir süni intellektin ən aktual elmi problemləri ilə bağlı fundamental tədqiqatlar aparılır, araşdırmaların nəticələri beynəlxalq elmi platformalarda yüksək qiymətləndirilir.

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, Azərbaycan Texniki Universitetinin (AzTU) Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin AzTU-da keçirilən “AI-MED Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu”nda təqdim etdiyi məruzə məhz bu istiqamətdə aparılan tədqiqatlara həsr olunmuşdur.

“Süni intellekt: inkişaf mərhələləri, mənbələri, trendləri və təhlükələri” mövzusunda çıxış edən R.Alıquliyev əvvəlcə süni intellektin inkişaf mərhələləri, hər bir mərhələdə xüsusi xidmətləri olan alimlər və onların süni intellektin inkişafına əhəmiyyətli töhfə verən nəzəriyyələri barədə ətraflı məlumat verdi. O, həmçinin 2024-cü ildə Nobel mükafatına layiq görülmüş süni intellekt üzrə mütəxəssislər - Ceffri Hinton və Con Hopfild (fizika sahəsi), Demis Hassabis və Con Camper (kimya sahəsi) haqqında tədbir iştirakçılarını məlumatlandırdı. Süni intellektin tətbiq sahələrindən danışan AMEA-nın müxbir üzvü R.Alıquliyev bu istiqamətdə ilk sıralarda səhiyyə, maliyyə, təhsil və robototexnika sahələrinin yer aldığını bildirdi.

Sonra R.Alıquliyev əsas diqqəti süni intellektin mənbələrinə yönəltdi. Qeyd olundu ki, süni intellektin əsas mənbəyi təkcə insan intellekti deyildir. Hazırda alimlər tərəfindən təbiətdəki canlıların və insanların sosial davranışını, həmçinin fiziki, kimyəvi və s. prosesləri modelləşdirən 500-dən çox süni intellekt alqoritmləri təklif edilmişdir. Bu alqoritmlərin də 65%-i biologiyadan, 12%-i fizikadan, 3%-i kimyadan, 11%-i sosial mühitdən və 9%-i isə digər mənbələrdən qaynaqlanmışdır. Biologiyadan qaynaqlanan alqoritmlər isə öz növbəsində, sürü (su heyvanları, yerüstü heyvanlar, uçan heyvanlar, mikroorqanizmlər və digərləri) intellektinə əsaslanan (54%), seleksiya əsaslı (6%) və bitki əsaslı (5%) alqoritmlərə bölünür. Sürü intellektinə əsaslanan alqoritmlərə qarışqa, arı, pişik, meymun, yarasa, canavar, balina alqoritmlərini, seleksiya əsaslı alqoritmlərə genetik, diferensial təkamül, yersoxulcanı, kök hüceyrə alqoritmlərini, bitki əsaslı alqoritmlərə isə alaqotu, çiyələk, çiçək tozlanması kimi alqoritmləri misal göstərmək olar. R.Alıquliyev bu alqoritmlərin bəzilərinin iş prinsipi və onların tətbiq sahələrinə dair ətraflı məlumat verdi.

Sonda alim süni intellektin hazırki və gələləcəkdə gözlənilə bilən təhlükələri haqqında danışdı. Məruzə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı, çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.