ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. İnstitutun doktorantı Sənan Vəlizadə “Kibertəhlükəsizlik insidentlərinin aşkarlanması və analizi üçün kiberkriminalistik metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılan tədqiqatlar haqqında məlumat verib.
S.Vəlizadə mövzunun aktuallığından bəhs edərək müasir dövrdə texnologiyanın inkişafı ilə birlikdə kiberhücumların çoxalaraq daha da mürəkkəbləşdiyini bildirib. Qeyd edib ki, şəbəkələr, məlumat bazaları və kompüter sistemlərinin kibercinayətkarların əsas hədəfinə çevrilməsi təhlükəsizlik insidentlərinin vaxtında aşkarlanmasını və qarşısının effektiv şəkildə alınmasını və insidentlər baş verdikdən sonra onun analiz olunmasını vacib edir.
Onun sözlərinə görə, dövlət qurumları, müəssisələr və fərdi şəxslərin kritik məlumatlarının qorunması üçün effektiv insident aşkarlama üsullarına ehtiyac var. Bunula yanaşı, insidentlər baş verdikdən sonra onların analiz olunması, baş vermə səbəblərinin aşkarlanması olduqca vacibdir. Kiberkriminalistika metodları bu analizlərin aparılmasında vacib rol oynayır. Süni intellekt və maşın təlimi texnologiyaları əsasında kiberkriminalistika metodlarının işlənilməsi, daha qabaqcıl və avtomatlaşdırılmış insident aşkarlama və analiz üsullarını təmin edə bilər. S.Vəlizadə həmçinin bu istiqamətdə ölkəmizdə qəbul edilmiş Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası və digər rəsmi sənədlərdən irəli gələn məsələlərin dissertasiya işinin aktuallığını şərtləndirdiyini diqqətə çatdırıb.
Tədqiqatçı dissertasiya işinin məqsədinin baş vermiş kibertəhlükəsizlik insidentlərində kibercinayət tərkibinin aşkarlanması və kibercinayətin sübuta yetirilməsi üçün rəqəmsal dəlillərin toplanması və analizinin intellektual kiberkriminalistik metod və alqoritmlərinin işlənməsi olduğunu diqqətə çatdırıb.
S.Vəlizadə bildirib ki, dissertasiya işi çərçivəsində kibertəhlükəsizlik insidentlərinin aşkarlanması və intellektual kiberkriminalistik tədqiqatı üçün konseptual modelin, kibertəhlükəsizlik insidentlərinin tədqiqatı üçün rəqəmsal sübutların toplanması və saxtalaşdırmadan mühafizəsi, kibertəhlükəsizlik insidentlərinin tədqiqatı üçün toplanmış rəqəmsal sübutların analizi, və təsnifatlandırılması üçün intellektual metodların və alqoritmlərin işlənməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, kibertəhlükəsizlik insidentlərinin səbəb-nəticə əlaqələrinin analizi və kibercinayət tərkibinin aşkarlanması, o cümlədən kibertəhlükəsizlik insidentlərində kibercinayət tərkibinin sübuta yetirilməsi üçün metod və alqoritmlərin işlənilməsi də tədqiqat çərçivəsində qarşıya qoyulmuş məsələlərdəndir.
Sonra məruzəyə dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev tədqiqat işi ilə bağlı təklif və tövsiyələrini səsləndirib. O, kiberinsidentlərlə bağlı məlumatların analiz olunmasının kiberdələduzların hədəf auditoriyasının müəyyən olunmasında mühüm rola malik olduğunu vurğulayıb. Alim süni intellekt texnologiyalarının köməyi ilə yüksək səmərəliliyə malik rəqəmsal kriminalistik metod və alqoritmlərin işlənilməsinin kibercinayətkarlığın növünün, coğrafiyasının müəyyənləşdirilməsi, o cümlədən kiberkriminalistikanın keyfiyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.