Zərərli proqram təminatının aşkarlanması istiqamətində aparılan tədqiqatların nəticələri müzakirə olunub

14 Mart 2025 - 16:07 | Konfranslar, İclaslar
Zərərli proqram təminatının aşkarlanması istiqamətində aparılan tədqiqatların nəticələri müzakirə olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunda növbəti elmi seminar keçirilib. Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev seminarın “Zərərli proqram təminatının aşkarlanması üçün intellektual analiz metod və alqoritmlərinin işlənilməsi” mövzusunda dissertasiya işi (birinci və ikinci fəsillər üzrə) çərçivəsində əldə olunan elmi-nəzəri nəticələrin müzakirəsinə həsr olunduğunu bildirib.

Məruzəni təqdim edən institutun dissertantı Elşən Bağırov dissertasiya işinin aktuallığı, məqsədi və qarşıya qoyulan məsələlər haqqında məlumat verib.

Mövzunun aktuallığından danışan E.Bağırov statistik rəqəmlərə əsasən zərərli proqram nümunələrinin, o cümlədən, yeni növ zərərli proqramların sayında eksponensial artımın müşahidə edilməsi və destruktiv nəticələrinin yüksək olmasının, kibercinayətkarların yeni növ zərərli proqramların sayını və müxtəlifliyini artırmaq məqsədilə aşkarlanmaqdan yayınma metodlarını tətbiq etməsinin, maşın öyrənmə, dərin öyrənmə, Generativ Rəqib Şəbəkələr kimi intellektual analiz metodlarının zərərli proqramların aşkarlanmasına tətbiqi imkanlarının mövcud olmasının bu istiqamətdə tədqiqatların aparılması zərurəti yaratdığını vurğulayıb. Həmçinin qeyd edib ki, informasiya mühafizəsinin texniki, kriptoqrafik, proqram və digər vasitələr üzrə təminatının təkmilləşdirilməsi istiqamətində milli hədəflərin olması, o cümlədən Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyasından irəli gələn məsələlər dissertasiya işinin aktuallığını şərtləndirir.

Tədqiqatçı dissertasiya işinin məqsədinin zərərli proqramların, o cümlədən aşkarlanmaqdan yayınma üsulları tətbiq edilmiş zərərli proqramların yüksək dəqiqliklə aşkarlanması üçün intellektual metod və alqoritmlərin işlənməsindən ibarət olduğunu diqqətə çatdırıb.

E.Bağırov dissertasiya işinin birinci və ikinci fəsilləri üzrə alınmış nəticələri təqdim edib. Bildirib ki, iş çərçivəsində zərərli proqramlar və onların təbiəti, aşkarlanmaqdan yayınma üsulları tədqiq edilmiş, statik və dinamik analiz kimi mövcud analiz metodları, onların üstün və zəif cəhətləri istiqamətində təhlil aparılmış, boşluqlar aşkar edilmiş, zərərli proqramların aşkarlanması istiqamətində Scopus və Web of Science elmi bazalarında indeksləşən jurnal məqalələri və konfrans materialları tədqiq edilmiş, aparılmış tədqiqatların illər üzrə trendi şərh edilmiş, bir sıra çatışmazlıqlar müəyyən edilmişdir. Həmçinin dayanıqlı və effektiv zərərli proqram aşkarlanması sisteminin qurulması üçün qarşıya qoyulmuş məsələləri bir yerdə cəmləşdirən üç mərhələli ümumi arxitektura təklif edilmiş, modelin qurulması üçün istifadə edilən statik və dinamik əlamətlər fəzasından ən optimal əlamətlərin seçilməsi üçün yanaşma işlənmiş, təklif edilmiş arxitekturada aşkarlama modelinin real mühitdə tətbiqi zamanı izaholunma qabiliyyətinin yoxlanılması və monitorinqi nəzərə alınmışdır.

Məruzə ətrafında müzakirələr aparılıb, tədqiqatçı ona ünvanlanan sualları cavablandırıb.

Tədqiqat işi ilə bağlı fikirlərini bölüşən akademik Rasim Əliquliyev müasir dövrdə zərərli proqramların aşkarlanması üsullarının işlənilməsi məsələlərinə həsr olunmuş tədqiqatların böyük əhəmiyyət kəsb etdiyini bildirib. Akademik R.Əliquliyev dissertasiya işində proqram sistemlərinin “sanitarizasiya” olunması, immunitetinin artırılması və dayanıqlılığının təmin olunması kimi problemlərə daha geniş yer ayrılmasının önəmini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.