Fərdin sosial kapitalının qiymətləndirilməsində yeni yanaşmalar

31 Mart 2025 - 13:12 | Konfranslar, İclaslar
Fərdin sosial kapitalının qiymətləndirilməsində yeni yanaşmalar

ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda “Mobil əlaqə məlumatlarının intellektual analizi əsasında fərdin sosial kapitalının qiymətləndirilməsi” mövzusunda müzakirələr aparılıb.

Seminarda institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova çıxış edərək əvvəlcə kapitalın müxtəlif formaları haqqında məlumat verib. Qeyd edib ki, buraya insan kapitalı, təbii kapital, intellektual kapital, mədəni kapital və s. aiddir. İ.Ələkbərova bildirib ki, sosial kapital sosial münasibətlərə aid olan və məqsədyönlü fəaliyyətin məhsuldarlığını artırmağa yönəlmiş resursdur. Cəmiyyətdə baş verən müxtəlif sosial və iqtisadi prosesləri öyrənmək və proqnozlaşdırmaq üçün sosial kapitalın araşdırılmasına ehtiyac vardır. Sosial kapital termini ilk dəfə 1916-cı ildə L.Fanifan tərəfindən istifadə edilsə də, yalnız XX əsrin sonlarından geniş təhlil edilməyə başlamışdır.

“Mobil əlaqələr sosial kapitalı dəyişir, oxşar marağa və ideologiyaya malik insanların biri-birlərini tanıması, maraq dairəsi ətrafında yeni qrupların yaradılması üçün vasitələr təqdim edir”, – deyən İ.Ələkbərova onu da əlavə edib ki, mobil əlaqələr sosial kapitalı artırır. İnsanlar yeni onlayn münasibətlər yaradır, nəticədə virtual sosial kapital formalaşır.

Sonra baş elmi işçi parametrlərin müəyyən olunması və verilənlərin toplanması ilə bağlı məlumat verib. Söyləyib ki, verilənlərin toplanması iki istiqamətdə aparılır: demoqrafik məlumatlar və mobil əlaqə məlumatları. Demoqrafik məlumatlara yaş, illik gəlir, təhsil, ailə vəziyyəti, yaşayış yeri, uşaqların sayı, cins, yer və digər demoqrafik məlumatlar daxildir. 

Tədqiqatçı sosial kapitalın xüsusiyyətlərindən söz açaraq onun iqtisadi inkişafa təsir edən əsas faktorlardan hesab edildiyini, iqtisadi inkişaf modellərindən istifadə etməklə sosial kapitalın analizini aparmağın mümkün olduğunu bildirib, həmçinin sosial kapitalın mənfi aspektlərindən danışb.

İ.Ələkbərova çıxışının sonunda mobil əlaqə məlumatları əsasında fərdin sosial kapitalının qiymətləndirilməsi üçün təklif olunan və maşın təlimi alqoritmlərinə əsaslanan kaskad modelinin ümumi sxemini təqdim edib. Həmçinin kaskad modelin qiymətləndirilməsi metrikalarının şərhini verib.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir