Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması ilə bağlı tədqiqatlar aparılır

01 Aprel 2025 - 09:20 | Konfranslar, İclaslar
Elektron dövlət mühitində Azərbaycan dilinin ekosisteminin yaradılması ilə bağlı tədqiqatlar aparılır

İnformasiya texnologiyalarının təsiri ilə sürətlə qloballaşan dünyada milli dillərin qorunması və inkişafı aktual məsələlərdən birinə çevrilmişdir. Belə bir zamanda həm cəmiyyət üzvlərinin rəqəmsal və informasiya savadlılığının yüksəldilməsi, həm də dilin təhdidlərə dayanıqlı ekosisteminin qurulması üçün yüksəkixtisaslı proqramçıların, eləcə də digər texniki heyətin hazırlanması istiqamətində zəruri işlər görülməlidir.

Bu barədə ETN İnformasiya Texnologiyaları İnstitutunun dissertantı, texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqov Tədris-İnnovasiya Mərkəzinin (TİM) “Azərbaycan dilinin ekosisteminin dayanıqlı informasiya sisteminin qurulmasında ixtisaslı kadr hazırlığı probleminin həlli yolları” mövzusuna həsr olunmuş elmi seminarında məlumat verib.

Tədqiqatçı bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının çox böyük sürətlə inkişaf etdiyi və informasiya cəmiyyətinin formalaşdığı bir dövrdə, ilk növbədə, bu proseslərin nəzəri və tətbiqi problemlərinin mərkəzində dayanan informatika fənninin məzmununun da yenilənməsinə ehtiyac vardır.

Məruzəçi Azərbaycanın orta məktəblərində 1985-ci ildən tədris olunmağa başlayan informatika fənninin inkişaf  tarixinə nəzər yetirib. Onun məzmununun düzgün müəyyən olunmasının şagirdlərin rəqəmsal və informasiya savadlılığının yüksəldilməsində rolundan danışıb. Həmçinin alqoritmlər və proqramlaşdırma məzmun xəttinin əhəmiyyətini önə çəkib, ümumi təhsil pilləsində öyrədilən proqramlaşdırma dilləri haqqında məlumat verib. 

İ.Sadıqov 2008-ci ildən tətbiq olunan kurikulumların, xüsusilə, informatika fənn kurikulumunun bu müddətdə yenilənməməsinin ölkəmizin müasir dövrdə qarşılaşdığı problemlərin həllinə mənfi təsirlərindən söz açıb. 2024-cü ildə hazırlanmış və təsdiq təqdim edilmiş yeni informatika kurikulumunun əsas xüsusiyyətlərindən bəhs edib. 

Tədqiqatçı bu yeni kurikulum əsasında hazırlanacaq dərsliklərin müasir dövrün tələblərinə cavab verəcəyinə inamını ifadə edib. Onu da vurğulayıb ki, yeni kurikulumun uğurlu tətbiqi üçün müəllim hazırlığı istiqamətində də zəruri dəyişikliklər edilməsinə ehtiyac vardır: “Ali məktəblərdə “İnformatika müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarının tədris proqramları vaxt itirmədən yenidən işlənməlidir. O cümlədən İKT ilə bağlı digər ixtisasların tədris proqramlarına da yenidən baxılmalıdır”.

İ.Sadıqov ali məktəblərdə bakalavr və magistr hazırlığı üzrə “Kompüter dilçiliyi” ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsinin vacibliyini vurğulayıb. O, İnternet üzərindən Azərbaycan dilinin öyrədilməsi və dil biliklərinin qiymətləndirilməsi üçün milli proqram məhsullarının hazırlanması, Azərbaycan Dilinin Milli Korpusunun hazırlanması, eləcə də ölkə vətəndaşlarının informasiya savadlılığı və rəqəmsal savadlılığının inkişaf etdirilməsinin son dərəcə zəruri olduğunu qeyd edib.

Sonda məruzə ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.