Kiberfiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi istiqamətində aparılan tədqiqatların elmi-nəzəri nəticələri müzakirə olunub

12 Mart 2025 - 14:15 | Konfranslar, İclaslar
Kiberfiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi istiqamətində aparılan tədqiqatların elmi-nəzəri nəticələri müzakirə olunub

ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev elmi seminarın institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi üzrə alınmış elmi-nəzəri nəticələrin (1-ci və 2-ci fəsillər üzrə) müzakirəsinə həsr olunduğunu qeyd edib.

“Kiberfiziki sistemlərin kiberdayanıqlılığının təmin edilməsi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edən L.Suxostat işin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər haqqında məlumat verib. Qeyd edib ki, tədqiqat işinin məqsədi kiberhücumların və sistem nasazlıqlarının aşkarlanması ilə böyük verilənlərin intellektual analizi əsasında kiberfiziki sistemlərin kiberdayanıqlılığının və informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərin işlənilməsindən ibarətdir.

Məruzəçi dissertasiya işinin aktuallığı barədə məlumat verib. Bildirib ki, AR Prezidentinin 2023-cü il 28 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiya”da və digər rəsmi sənədlərdə müxtəlif sahələrin kritik infrastrukturunun kibertəhlükəsizliyinin təmin edilməsi məsələsinin öz əksini tapması, o cümlədən kiberfiziki sistemlərin insan fəaliyyətinin müxtəlif sahələrində geniş istifadə olunması, bu sistemlərin informasiya və əməliyyat texnologiyalarına inteqrasiyası, kiberfiziki sistemlərin strukturunun mürəkkəbliyi və s. tədqiqat işinin aktuallığını şərtləndirən əsas amillərdəndir.

Dos. L.Suxostat tədqiqat işi çərçivəsində Web of Science-də 11, Scopus bazasında 4 məqalə olmaqla ümumilikdə 17 məqalənin, o cümlədən 16 konfrans materialının çap olunduğunu diqqətə çatdırıb.

O, dissertasiya işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını qeyd edib: “Tədqiqat işi çərçivəsində kiberfiziki sistemlərinin kiberdayanıqlılığının müasir vəziyyətinin analizi və problemləri müəyyənləşdirilmiş, sistemin kiberdayanıqlılığını təmin etmək üçün konseptual model təklif edilmişdir”.

Daha sonra məruzəçi tədqiqat işində müdafiəyə çıxarılan əsas müddəaları təqdim edib. L.Suxostat kiberfiziki sistemlərdə böyük verilənlərin intellektual analizi üçün işlənilmiş metodlar və alqoritmləri diqqətə çatdırıb, eksperimentlər əsasında əldə olunmuş nəticələri təqdim edib.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.

Dissertasiya işi üzrə elmi məsləhətçi akademik Rasim Əliquliyev çıxış edərək iş çərçivəsində aparılmış tədqiqatlara münasibətini bildirib. Alim müasir dövrdə böyük aktuallıq kəsb edən kiberfiziki sistemlərin təhlükəsizliyinin təmin edilməsi, kiberfiziki infrastrukturun kiberdayanıqlılığının qiymətləndirilməsi məsələlərinə həsr edilmiş dissertasiya işində əldə olunan elmi-nəzəri nəticələri yüksək qiymətləndirib, tədqiqat işinə dair təklif və tövsiyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.