Yerüstü İdarəetmə Sistemi (YİS) Pilotsuz Uçuş Aparatlarının (PUA) idarə olunmasını və izlənilməsini təmin edir. YİS-lərin stasionar və portativ kimi növləri mövcuddur. Onlar əsas etibarilə bir neçə kompüterdən (serverdən), rabitə vasitələrindən və operatorlardan ibarət olur.
Bu barədə ETN İnformasiya Texnologiyaları İnstitutunda “Pilotsuz Uçuş Aparatlarının Yerüstü İdarəetmə Sistemində təsvirlərin analizi əsasında zərərli proqramların aşkarlanması” mövzusuna həsr olunmuş elmi seminarda məlumat verilib.
Mövzuya dair institutun doktorantı Orxan Vəlixanlı çıxış edərək Yerüstü İdarəetmə Sistemində aşkarlanan virus haqqında məlumat verib. Bildirib ki, ABŞ-ın “Predator” və “Reaper” PUA-larının YİS-lərində kompüter virusu aşkarlanmışdır.
Araşdırmalar nəticəsində virusun klaviatura casusu (ing. keylogger) olduğu məlum olmuşdur. Klaviatura casusu – istifadəçinin sıxdığı hər bir klaviatura düyməsini loq-faylda qeydə alan casus proqramının bir növüdür.
Zərərli proqramların aşkarlanması üçün olan mövcud yanaşmalardan bəhs edən tədqiqatçı, zərərli proqramların aşkarlanması üçün əsasən iki metoddan (statik və dinamik analiz) istifadə olunduğunu söyləyib. O, təklif olunmuş yeni hibrid yanaşmada zərərli proqramların təsvirlərin analizi əsasında aşkar edildiyini qeyd edib, eyni zamanda görülən işlərin qısa xarakteristikasını nəzərə çatdırıb.
O.Vəlixanlı yaradılmış vahid bazada olan verilənlər və onlar haqqında məlumatları da təqdim edib.
O, həmçinin tədqiqat zamanı istifadə olunmuş metrikalar, təcrübələr və alınmış nəticələri seminar iştirakçılarının diqqətinə çatdırıb.
Məruzəyə dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev tədqiqat mövzusu üzrə nəzəri biliklərin gücləndirilməsi və dissertasiya işinin tamamlanmasına dair təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.