ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının bu elmi qurumun doktorant və dissertantlarının attestasiyasına həsr olunmuş iclasları keçirilir.
Elmi şuranın iclaslarında fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə təhsil alan doktorant və dissertantlar elmi-tədqiqat işi çərçivəsində yerinə yetirdiyi işlər haqqında hesabat xarakterli məlumatları təqdim edirlər. İclaslarda hər bir elmi-tədqiqat mövzusuna dair geniş fikir mübadiləsi aparılır, çoxsaylı suallar cavablandırılır, müvafiq dissertasiya işləri üzrə təyin edilmiş elmi rəhbərlər, eləcə də alim və mütəxəssislər çıxış edərək gənc tədqiqatçılara tövsiyələr verirlər.
Elmi şuranın iclaslarında çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev institutda mütəmadi olaraq tədqiqatçıların elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, gənclərlə məqsədyönlü işin aparılması, intellektual müzakirələrin təşkili istiqamətində tədbirlərin görüldüyünü, eləcə də fəlsəfə və elmlər doktorlarının hazırlanması üzrə ardıcıl işlərin həyata keçirildiyini nəzərə çatdırıb.
Alim institutun doktorant və dissertantlarının attestasiyasının keçirilməsinin onların elmi fəaliyyətlərinin qiymətləndirilməsi və koordinasiya edilməsi, gənclərə dəstək göstərilməsi və aparılan tədqiqatların keyfiyyətinin artırılması baxımından baxımından vacib olduğunu qeyd edib.
Akademik R.Əliquliyev hər bir şöbə rəhbərini bu işlərin icrasında fəal iştirak etməyə səsləyərək qeyd edib ki, institutun alim və mütəxəssisləri bu proseslərə töhfələr verməli, biliklərini gənclərlə bölüşməli, institutun elmi potensialının gücləndirilməsi istiqamətində səylərini birləşdirməlidirlər.
Baş direktor hər bir tədqiqatçıya elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədavamlı tədqiqatlarla məşğul olmağı tövsiyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.