ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı keçirilib. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev elmi seminarın institutun baş mütəxəssisi Oqtay Ələkbərovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi üzrə alınmış elmi-nəzəri nəticələrin (1-ci və 2-ci fəsillər üzrə) müzakirəsinə həsr olunduğunu diqqətə çatdırıb.
O.Ələkbərov “Mobil bulud hesablama sistemlərinin optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edərək işin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər haqqında məlumat verib.
Dissertasiya işinin aktuallığı barədə danışan tədqiqatçı bildirib ki, böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin mobil qurğularda həll edilə bilməməsi, mobil qurğuların batareyalarının işləmə müddətinin az olması, şəbəkənin yüklənməsi nəticəsində bulud serverlərdən məlumatların və nəticələrin istifadəçilərə sürətli və etibarlı çatdırılmaması, əlaqə kanallarında qırılmaların yaranması, bulud serverlərin mobil istifadəçilərdən uzaqda yerləşdirilməsi, istifadəçilərin məlumatlarının şəbəkədə təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranması, eləcə də AR Prezidenti cənab İlham Əliyevin 3 iyun 2019-cu il tarixli “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” fərmanından irəli gələn məsələlər dissertasiya işinin aktuallığını şərtləndirir.
Məruzəçi qeyd edib ki, tədqiqat işinin məqsədi mobil qurğuların resurs məhdudiyyətlərini və şəbəkə gecikmələrini nəzərə almaqla veb-resursların bulud serverlərdə və claudlet-lərdə optimal yerləşdirilməsi üçün metod və alqoritmlərin işlənməsidir.
O.Ələkbərov tədqiqat işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını diqqətə çatdırıb. Qeyd edib ki, dissertasiya işinin 1-ci və 2-ci fəsilləri üzrə mobil bulud hesablama sistemlərinin müasir inkişaf səviyyəsi və onların elmi-nəzəri problemləri ətraflı təhlil edilmişdir. İyerarxik strukturlu cloudlet əsaslı mobil bulud hesablama sistemlərinin arxitektur-texnoloji modeli təklif edilmişdir. Bundan əlavə, bulud hesablama mühitində verilənlərin virtual yaddaş resurslarında dinamiki paylanması üçün yeni metod və alqoritm təklif olunmuşdur. Həmçinin, mobil bulud hesablama sistemlərində müəyyən şərtlər əsasında cloudlet seçiminin optimallaşdırılması məqsədilə effektiv seçim alqoritmi işlənib hazırlanmışdır.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.
Dissertasiya işi üzrə elmi rəhbər akademik Rasim Əliquliyev çıxış edərək aparılan tədqiqatlar və əldə olunan elmi-nəzəri nəticələrə münasibətini bildirib. Akademik Rasim Əliquliyev bulud sistemlərinin optimallaşdırılması istiqamətində tədqiqatların müasir dövrdə böyük aktuallıq kəsb etdiyini diqqətə çatdırıb. Elmi rəhbər bulud sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məsələlərinin dərindən araşdırılmasının, dünyada bu istiqamətdə mövcud olan müxtəlif yanaşmaların müqayisəli analiz olunmasının vacibliyini vurğulayıb, təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.