AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında 1992-ci il fevralın 26-da baş vermiş dəhşətli Xocalı soyqırımında həyatını itirən həmvətənlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Xocalı faciəsinin XX əsrdə bəşəriyyətə qarşı törədilmiş ən amansız və qəddar cinayətlərdən biri olduğunu bildirib. Xatırladıb ki, 33 il bundan öncə erməni işğalçıları Xocalı şəhərinə hücum edərək yüzlərlə azərbaycanlının həyatına son qoymuş, bu dəhşətli faciədə 613 insan vəhşicəsinə öldürülmüşdür. 63 uşaq, 70 qoca, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmişdir. Ümumilikdə itkin düşən 150 nəfərin taleyi hələ də məlum deyil.
AMEA-nın vitse-prezidenti Xocalı faciəsinin dövlətimizin ərazi bütövlüyü və suverenliyini ciddi təhlükəyə məruz qoyduğunu bildirib. Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı əks-hücum əməliyyatları nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğunu və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam şəkildə bərpa edildiyini vurğulayıb.
Akademik nitqinin sonunda Xocalı soyqırımı qurbanlarına Allahdan rəhmət diləyib, onların xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağına inamını ifadə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.