Elmi kadrların intellektual potensialının qiymətləndirilməsi məsələlərinə həsr olunmuş məruzə dinlənilib

18 Fevral 2025 - 15:08 | Konfranslar, İclaslar
Elmi kadrların intellektual potensialının qiymətləndirilməsi məsələlərinə həsr olunmuş məruzə dinlənilib

ETN İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında “Elmi kadrların intellektual potensialının qiymətləndirilməsi üzrə beynəlxalq təcrübənin analizi” mövzusunda məruzə dinlənilib.

İnstitutun baş mütəxəssisi Raqif İsmayılov məruzəni təqdim edərək elmi kadrların intellektual potensialının qiymətləndirilməsinin əsas məqsədinin elmi fəaliyyətin məhsuldarlığını, keyfiyyətini və təsirini analiz etməkdən ibarət olduğunu vurğulayıb. O, elmi kadrların intellektual potensialının qiymətləndirilməsi üçün müxtəlif ölkələrdə və təşkilatlarda tətbiq olunan fərqli metodlardan bəhs edib: “Bildirib ki, bu məqsədlə bibliometrik analiz, patent və tətbiqi nəticələr, elmi layihələrin idarə edilməsi, tədris və mentorluq fəaliyyəti, ictimai və akademik tanınma, tədqiqatların sosial və iqtisadi təsiri, elmi şəbəkələrdə fəaliyyət kimi yanaşmalardan geniş istifadə olunur”.

R.İsmayılov dünyada elmi kadrların intellektual potensialının qiymətləndirilməsi üçün geniş istifadə olunan “Research Excellence Framework”, “Horizon 2020 və Horizon Europe”, “National Science Foundation”, “Scopus” və “Web of Science”, “China's Research Evaluation System”, “Academic Ranking of World Universities” sistemləri haqqında ətraflı məlumat verib.

Tədqiqatçı ölkəmizdə elmi kadrların intellektual potensialının qiymətləndirilməsi üçün nəzərdə nəzərdə tutulan “Elmi kadrlar” Milli İnformasiya Sisteminin əhəmiyyətini qeyd edib. O, bu sistemin ölkə üzrə vahid informasiya məkanı əsasında təşkil edilmiş və elmi potensialın inkişafı göstəricilərinin operativ analitik uçotunu və intellektual potensialın monitorinqini təmin edən proqram-informasiya kompleksi olduğunu diqqətə çatdırıb. R.İsmayılov əlavə edib ki, sistemdən istifadə elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsinə, təşkilatlar üzrə elmi fəaliyyətin monitorinqi və qiymətləndirilməsinin aparılmasına şərait yaradır.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev məruzəyə dair təklif və tövsiyələrini səsləndirib. Akademik R.Əliquliyev hazırda dünyada tətbiq olunan elmi kadrların intellektual potensialının qiymətləndirilməsi strategiyalarının müqayisəli analizinin aparılmasının, beynəlxalq qurumların bu istiqamətdə siyasətinin, bu məqsədlə tətbiq olunan riyazi modellərin dərindən araşdırılmasının əhəmiyyətini qeyd edib. Alim beynəlxalq təcrübə və Azərbaycanda bu istiqamətdə qəbul edilmiş müvafiq qərarlar nəzərə alınmaqla, ölkəmizdə intellektual potensialının qiymətləndirilməsinə elmi dəstək verilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu məqsədlə yaradılması nəzərdə tutulan milli monitorinq sistemi ölkədə elmi məhsuldarlığın səviyyəsinin qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.