Proqram sistemlərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılacaq

18 Fevral 2025 - 15:04 | Konfranslar, İclaslar
Proqram sistemlərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi ilə bağlı tədqiqatlar aparılacaq

Müasir proqram sistemləri getdikcə daha geniş və mürəkkəb struktura malik olur. Bu isə keyfiyyətin yüksək səviyyədə təmin olunmasını zəruri edir. Proqram sistemlərin etibarlılığı və təhlükəsizliyi kimi əsas göstəriciləri qiymətləndirmək üçün ənənəvi yanaşmalar bəzən kifayət etmir. Bu səbəbdən intellektual metodlar və alqoritmlər böyük maraq doğurur. Süni intellekt, maşın təlimi və digər müasir texnologiyalar vasitəsilə proqram sistemlərinin keyfiyyətini daha dəqiq qiymətləndirmək mümkündür.

Bu barədə ETN İnformasiya Texnologiyaları İnstitutunda “Proqram sistemlərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılan tədqiqatlara həsr olunmuş elmi seminarda məlumat verilib. Mövzuya dair institutun dissertantı Eldəniz İsmayılov çıxış edərək qeyd edib ki, dissertasiya işinin əsas məqsədi, proqram sistemlərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi üçün intellektual metodların tətbiqi və alqoritmlərin işlənib hazırlanması, süni intellekt və maşın təlimi kimi qabaqcıl texnologiyalar vasitəsilə proqramların əsas keyfiyyət göstəricilərinin daha dəqiq və dinamik şəkildə qiymətləndirilməsidir.

Mövzunun əhəmiyyətindən bəhs edən gənc tədqiqatçı bildirib ki, ənənəvi üsullar proqram sistemlərin mürəkkəbliyini və böyük miqyasını effektiv şəkildə təhlil edə bilmədiyi üçün süni intellektə əsaslanan metodlar daha səmərəli nəticələr verir: “Bu tədqiqat intellektual metodların tətbiqi ilə proqram sistemlərinin keyfiyyətini yüksəltməyi hədəfləyir”.

E.İsmayılov həmçinin tədqiqat işində qarşıya qoyulmuş məsələləri diqqətə çatdırıb. Qeyd edib ki, dissertasiya çərçivəsində proqram sistemlərinin əsas keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi və təsnifatı, mövcud metodların və yanaşmaların təhlili, intellektual metod və alqoritmlərin seçilməsi, onların modifikasiyası və işlənməsi, intellektual metod və alqoritmlərin proqram sistemlərinin keyfiyyət göstəricilərinin qiymətləndirilməsi prosesinə tətbiqi, təklif olunmuş metod və alqoritmlərin sınaqdan keçirilməsi və nəticələrin təhlili kimi məsələlərə baxılacaq.

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək dissertasiya işinin müasir dövrdə böyük aktuallıq kəsb edən məsələyə həsr olunduğunu bildirib. Alim bu istiqamətdə tədqiqat obyektinin dəqiqləşdirilməsi və konkretləşdirilməsi, beynəlxalq təcrübənin araşdırılması və icmal xarakterli məqalənin hazırlanması ilə bağlı tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.