Milli terminoloji informasiya sisteminin formalaşmasının elmi-nəzəri əsaslarının işlənilməsinə həsr olunmuş dissertasiya işi müdafiə olundu

13 Fevral 2025 - 14:29 | Konfranslar, İclaslar

ETN İnformasiya Texnologiyaları İnstitutu nəzdində ED 1.35 dissertasiya şurasının iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan şuranın sədr müavini, texnika elmləri doktoru, professor Ələkbər Əliyev iclasın institutun dissertantı Əfruz Qurbanovanın texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Milli terminoloji  informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunduğunu söylədi.

Dissertasiya şurasının elmi katibi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva iddiaçı Ə.Qurbanovanın şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdi.

Sonra Ə.Qurbanova çıxış edərək dissertasiya işini təqdim etdi. Bildirdi ki, tədqiqatın aparılmasında əsas məqsəd beynəlxalq təcrübə və standartlar əsasında e-dövlət platformasında Azərbaycan dili ekosisteminin tərkib hissəsi kimi Milli terminoloji informasiya sisteminin sintezi üçün metod və alqoritmlərin işlənməsidir.

Məruzəçi  mövzunun aktuallığını diqqətə çatdıraraq bildirdi ki, İnternetin sürətlə inkişafı nəticəsində milli dil mühitinə daxil olan çoxdilli informasiya seli qarşısında dilin terminoloji təhlükəsizliyinin təmin olunması, e-terminoloji xidmətlərin göstərilməsinin təmin olunması və s. məsələlərin həlli vacibdir. Eyni zamanda ölkədə terminoloji fəaliyyətin müvafiq beynəlxalq standartların və müasir İKT-nin tələblərinə uyğun qurulması, cəmiyyətin bütün təbəqələrinin termin yaradıcılığında aktiv iştirakının təmin edilməsi son dərəcə əhəmiyyətlidir.

O, 3-ü Web of Science və Scopus bazalarında olmaqla, ümumilikdə 13 məqalənin və 7 konfrans materialının nəşr olunduğunu bildirdi.

İddiaçı tədqiqat işinin elmi yeniliklərini diqqətə çatdıraraq qeyd etdi ki, dissertasiya işi çərçivəsində Milli terminoloji informasiya sisteminin konseptual modeli və arxitektur-texnoloji prinsipləri, Milli terminoloji informasiya sistemində toplanan verilənlər və metaverilənlərin operativ analizi üçün OLAP texnologiyasına əsaslanan qərarların qəbulunu dəstəkləyən sistem və polikubik OLAP-model, Milli terminoloji informasiya sistemində dinamiki proseslərin modelləşdirilməsi üçün Maltusun populyasiya modelinə əsaslanan metod işlənmişdir.

Onun sözlərinə görə, dissertasiya işində alınmış elmi-praktiki nəticələr e-dövlət platformasında milli terminoloji informasiya sisteminin intellektuallaşdırılması, sistem çərçivəsində terminoloji proseslərin qiymətləndirilməsi və monitorinqi, dilin təhlükəsizliyi, xarici təsirlərdən qorunması və yeni terminlərin milli xüsusiyyətlərə uyğunlaşdırılması, terminoloji lüğətlər hazırlayan, yeni termin yaradan alim və mütəxəssislərin müəlliflik hüquqlarının qorunması prosesində istifadə oluna bilər.

Ə.Qurbanova dissertasiya işinin əsas nəticələrindən bəhs edərək bildirdi ki, tədqiqat çərçivəsində terminoloji informatikanın elmi-texnoloji problemləri analiz olunmuş, əsas inkişaf istiqamətləri müəyyən olunmuş və bu istiqamətlərdə elmi araşdırmaların aparılmasının vacibliyi əsaslandırılmışdır. Milli terminoloji informasiya sisteminin konseptual modeli və arxitektur-texnoloji prinsipləri işlənmiş, funksional alt sistemləri təhlil edilmiş, imkan və perspektivləri müəyyənləşdirilmişdir.

İddiaçının məruzəsindən sonra dissertasiya işinə dair təyin olunan rəsmi opponentlər – texnika elmləri doktoru, professor Nadir Ağayev, texnika elmləri doktoru, professor Ramin Rzayev, texnika üzrə fəlsəfə doktoru Elviz İsmayılov öz çıxışlarında dissertasiya işinin əhəmiyyətini önə çəkdilər. Əldə olunan elmi yeniliklərin tamamilə orijinal olduğunu, kompleks məsələlərin uğurla həll edildiyini vurğulayaraq iddiaçının 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almağa layiq olduğunu söylədilər, eləcə də irad, təklif və tövsiyələrini səsləndirdilər.

İddiaçı irad, rəy və təkliflərə öz münasibətini bildirdi.

Ə.Qurbanova AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, texnika elmləri doktoru, professor Mütəllim Mütəllimov, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun ona ünvanladığı sualları cavablandırdı.

Daha sonra dissertasiya işi ilə bağlı geniş müzakirələr aparıldı. Çıxış edənlər – AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova, texnika elmləri doktoru, professor Ələkbər Əliyev, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, texnika üzrə fəlsəfə doktoru İsmayıl Sadıqov işi yüksək qiymətləndirərək əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş aktual məsələlərin həll olunduğunu və elmi yeniliklərin əldə edildiyini, dissertasiya işinin həm nəzəri, həm də praktiki baxımdan maraq doğurduğunu qeyd etdilər.

Dissertasiya işində Milli terminoloji informasiya sisteminin intellektuallaşdırılması üçün təklif edilən metod və alqoritmlərin termin yaradıcılığının səmərəliliyinin yüksəldilməsi və terminlərin səmərəli idarə olunması üçün yeni imkanlar açdığını vurğuladılar.

Dissertasiya işinə dair təyin olunmuş elmi rəhbər – AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək iddiaçının yerinə yetirdiyi tədqiqatın tamamlanmış iş olduğunu, elmi yeniliyə malik olduğunu bildirdi. Alim ölkəmiz üçün böyük əhəmiyyətə malik olan dissertasiya işinin Azərbaycanda müvafiq istiqamətdə aparılan işlərə təkan verəcəyinə inamını ifadə etdi. Bildirdi ki, dissertasiya işi uzun illər ərzində aparılan tədqiqatların nəticəsi kimi, Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsinə mühüm töhfə verir, vətəndaşlara fasiləsiz elektron terminoloji xidmətlər təklif etməklə Azərbaycan dilinə daxil olan terminləri daha əlçatan edir.

Akademik R.Əliquliyev elmi-tədqiqat işində ölkədə ilk dəfə olaraq milli terminoloji informasiya modelinin formalaşdığını söylədi. Dissertasiya işi çərçivəsində terminologiya sahəsində xarici təcrübə və beynəlxalq standartların araşdırılması istiqamətində əsaslı tədqiqatların aparıldığını, qarşıya qoyulmuş məsələlərin həll olunduğunu söylədi, eyni zamanda gələcəkdə tədqiqatların davam etdirilməsi ilə bağlı təklif və tövsiyələrini verdi.

İddiaçının yekun sözləri dinlənildikdən sonra AAK-ın rəsmi saytında “Şəxsi kabinet”ə daxil olmaqla gizli elektron səsvermə keçirildi.

Səsvermənin nəticələrinə əsasən, Ə. Qurbanovaya texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması təklif edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.