ETN İnformasiya Texnologiyaları İnstitutunda mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri, eləcə də şəbəkə infrastrukturunda insidentlərin aşkarlanması, identifikasiyası, intellektual analizi problemləri üzrə tədqiqatlar aparan struktur bölmələrin birgə elmi seminarı keçirilib.
AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev elmi seminarın institutun baş mütəxəssisi Oqtay Ələkbərovun texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi üzrə alınmış elmi-nəzəri nəticələrin müzakirəsinə (1-ci və 2-ci fəsillər üzrə) həsr olunduğunu diqqətə çatdırıb.
Sonra O.Ələkbərov “Mobil bulud hesablama sistemlərinin optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini təqdim edib. Məruzəçi qeyd edib ki, tədqiqat işinin məqsədi istifadəçilərin mobil qurğularının və şəbəkə infrastrukturunun məhdud resursları şəraitində bulud hesablama sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənilməsidir.
Tədqiqatçı dissertasiya işinin aktuallığı barədə məlumat verib. Bildirib ki, böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin mobil qurğularda həll edilə bilməməsi, mobil qurğuların batareyalarının işləmə müddətinin az olması, şəbəkənin yüklənməsi nəticəsində bulud serverlərdən məlumatların və nəticələrin istifadəçilərə sürətli və etibarlı çatdırılmaması, əlaqə kanallarında qırılmaların yaranması, bulud serverlərin mobil istifadəçilərdən uzaqda yerləşdirilməsi, istifadəçilərin məlumatlarının şəbəkədə təhlükəsizliyinin təmin edilməsində çətinliklərin yaranması, eləcə də AR Prezidenti cənab İlham Əliyevin 3 iyun 2019-cu il tarixli “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” fərmanından irəli gələn məsələlər dissertasiya işinin aktuallığını şərtləndirir.
O.Ələkbərov tədqiqat işində qarşıya qoyulmuş məqsədə çatmaq üçün bir neçə məsələyə baxıldığını diqqətə çatdırıb. Qeyd edib ki, dissertasiya işi (1-ci və 2-ci fəsillər üzrə) şəbəkə platformasında bulud sistemlərinin mövcud vəziyyəti analiz edilmiş, elmi-nəzəri problemləri tədqiq olunmuş və onların həlli yolları müəyyənləşdirilmiş, iyerarxik strukturlu cloudlet əsaslı mobil bulud hesablama sistemlərinin arxitektur-texnoloji prinsipləri, bulud hesablama sistemlərində məlumatların istifadə tezliyinə görə virtual yaddaş sistemində paylanması metodu, istifadəçinin tələblərinə uyğun cloudlet-lərin seçilməsi modeli işlənilmişdir.
Məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb, irad və təkliflər səsləndirilib, çoxsaylı suallar cavablandırılıb.
Dissertasiya işi üzrə elmi rəhbər akademik Rasim Əliquliyev çıxış edərək aparılan tədqiqatlar və əldə olunan elmi-nəzəri nəticələrə münasibətini bildirib. Mövzunun aktuallığını önə çəkən akademik Rasim Əliquliyev bulud sistemləri üzərində optimallaşdırma işlərinin aparılması istiqamətində tədqiqatların müasir dövrdə böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Elmi rəhbər bulud sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məsələlərinin dərindən araşdırılmasının vacibliyini vurğulayıb, bu istiqamətdə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı tədqiqatlara daha geniş yer ayrılmasının önəmini qeyd edib, təklif və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.