Kibertəhlükəsizlik insidentlərinin aşkarlanmasında və analizində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində tədqiqatlar aparılacaq

11 Fevral 2025 - 10:44 | Konfranslar, İclaslar
Kibertəhlükəsizlik insidentlərinin aşkarlanmasında və analizində süni intellekt texnologiyalarının tətbiqi istiqamətində tədqiqatlar aparılacaq

ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminarda institutun doktorantı Sənan Vəlizadə kibertəhlükəsizlik insidentlərinin aşkarlanması və analizi üçün kiberkriminalistik metod və alqoritmlərin işlənilməsi mövzusunda tədqiqat işi haqqında məlumat verib.

S.Vəlizadə əvvəlcə mövzunun aktuallığından bəhs edərək müasir dövrdə texnologiyanın inkişafı ilə birlikdə kiberhücumların da çoxalaraq daha da mürəkkəbləşdiyini bildirib: “Şəbəkələr, məlumat bazaları və kompüter sistemləri kibercinayətkarların əsas hədəfinə çevrilir. Bu, təhlükəsizlik insidentlərinin vaxtında aşkarlanmasını və qarşısının effektiv şəkildə alınmasını və insidentlər baş verdikdən sonra onun analiz olunmasını vacib edir”.

Onun sözlərinə görə, dövlət qurumları, müəssisələr və fərdi şəxslərin kritik məlumatlarının qorunması üçün effektiv insident aşkarlama üsullarına ehtiyac var. Bunula yanaşı insidentlər baş verdikdən sonra onların analiz olunması, baş vermə səbəblərinin aşkarlanması olduqca vacibdir. Kiberkriminalistika metodları bu analizlərin aparılmasında vacib rol oynayır. Süni intellekt və maşın təlimi texnologiyaları əsasında kiberkriminalistika metodlarının işlənilməsi, daha qabaqcıl və avtomatlaşdırılmış insident aşkarlama və analiz üsullarını təmin edə bilər.

“Dissertasiya işinin məqsədi baş vermiş kibertəhlükəsizlik insidentlərinin ilkin araşdırılması, analizi və təsnifatlandırılması üçün intellektual kiberkriminalistik metod və alqoritmlərin işlənməsidir”, – deyə o, qeyd edib.

S.Vəlizadə bildirib ki, dissertasiya işi çərçivəsində kiberkriminalistika sahəsində elmi araşdırmaların mövcud vəziyyətinin analizi, müxtəlif mənbələrdən məlumatın əldə olunması, kibertəhlükəsizlik insidentlərinin rəqəmsal sübutlarının maşın təlimi əsasında aşkarlanması, kibertəhlükəsizlik insidentlərinin səbəb-nəticə əlaqələrinin intellektual analizi ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur.

Onun sözlərinə görə, kiberkriminalistik analiz üçün intellektual hücum aşkarlama alqoritmlərinin, kibertəhlükəsizlik insidentlərinin aşkarlanması və analizi üçün süni intellekt əsasında metod və alqoritmlərin işlənilməsi də tədqiqat çərçivəsində qarşıya qoyulmuş məsələlərdəndir.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək məruzəyə münasibətini bildirib, kibertəhlükəsizlik insidentlərinin aşkarlanmasında süni intellekt texnologiyalarının tətbiqi istiqamətində tədqiqatların aparılmasının müasir dövrün tələbi olduğunu söyləyib. Akademik həmçinin rəqəmsal kriminalistika ilə bağlı beynəlxalq təcrübənin araşdırılması, icmal məqalənin hazırlanmasına dair təklif və tövsiyələrini verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.