Son onilliklər ərzində dünya miqyasında enerji tələbatı əhəmiyyətli dərəcədə artmışdır. Beynəlxalq Enerji Agentliyi 2035-ci ilə qədər qlobal enerji tələbinin 1,2% artacağını proqnozlaşdırır. Kömür, neft və təbii qaz kimi ənənəvi qalıq yanacaqlar dünyanın əsas enerji mənbələri olaraq qalırlar, lakin qlobal iqlim dəyişikliyinə ən böyük töhfəni onlar verir.
Bu barədə ETN İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru Məmməd Həşimov institutun növbəti elmi seminarında “Bərpa olunan enerji mənbələrinin Sənaye 4.0 əsasında qurulması perspektivləri və problemləri” mövzusunda məruzəni təqdim edərkən məlumat verib.
O, bildirib ki, qalıq yanacaqlar qlobal istixana qazı emissiyalarının 75%-dən çoxunu və bütün karbon qazı emissiyalarının təxminən 90% təşkil edir. İstixana qazları Yer kürəsini əhatə etdiyi üçün günəşdən gələn istiliyi tutur, bu da qlobal istiləşməyə və iqlim dəyişikliyinə gətirib çıxarır.
Qalıq yanacaqlardan istifadənin səbəblərinə diqqət çəkən məruzəçi bildirib ki, buraya yüksək enerji dəyəri, qabaqcıl texnologiya, asan daşınma daxildir. Dünyanın enerji təchizatının 90 faizi qalıq yanacaqlardan gəlir, bu da atmosferin çirklənməsini artırır və qlobal istiləşməyə səbəb olur.
M.Həşimov günəş enerjisinin üstünlüklərindən də söz açıb. Onun təmiz enerji mənbəyi olduğunu, evlərin və ya ofislərin üzərinə quraşdırılmaqla aşağı elektrik ödənişləri və az texniki xidmət tələb etdiyini söyləyib. Külək enerjisi haqqında məlumat verən tədqiqatçı, külək turbinlərinin küləyin gücünü elektrik enerjisinə çevirdiyini, külək enerjisinin bərpa olunan və ekoloji cəhətdən təmiz enerji mənbəyi olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bioenerji ənənəvi və ya müasir üsullarla əldə edilən biokütlə kimi tanınan bioloji xammaldan qaynaqlanır. Ənənəvi üsulda bioenerji kənd təsərrüfatı qalıqları, odun, kömür və ağac kimi üzvi materiallardan əldə edilir.
Məruzəçi geotermal, qabarma və çəkilmə, hidrogen enerjiləri haqqında da məlumat verib.
Sənaye 4.0 ilə bərpa olunan enerji arasındakı əlaqənin transformativ xarakter daşıdığını bildirən M.Həşimov Sənaye 4.0-ın texnologiyalarının bərpa olunan enerjinin yaradılması, idarə edilməsi və paylanması üsulunu yenidən formalaşdırdığını söyləyib.
Enerji idarəetməsi sahəsində süni intellekt və Əşyaların İnternetinin rolundan danışan aparıcı elmi işçi bildirib ki, IoT cihazları enerji şəbəkələrində real vaxt rejimində məlumat toplayır və paylaşır. Bu, enerji tələbatının daha dəqiq proqnozlaşdırılmasına, enerji monitorinqinə və istehlakın optimallaşdırılmasına imkan verir. IoT cihazları böyük həcmdə enerji məlumatları toplayır. Süni intellekt bu məlumatları təhlil edərək enerji ehtiyaclarını proqnozlaşdırır.
Bərpa olunan enerji mənbələrinin Sənaye 4.0 konteksində tədqiqat istiqamətləri və problemləri, süni intellekt modellərinin işlənilməsi, enerji tələbatının proqnozlaşdırılması, enerji sistemlərində kibertəhlükəsizlik problemləri və digər məsələlərdən də danışıb.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev məruzə ilə əlaqədar fikirlərini bölüşüb. Qlobal enerji problemlərinin həllində süni intellekt texnologiyalarının tətbiqinin vacibliyini önə çəkən akademik R.Əliquliyev, bu texnologiyalardan istifadə etməklə Azərbaycanın bərpa olunan enerji mənbələri əsasında ölkənin enerji potensialının qiymətləndirilməsinin qarşıda duran əsas vəzifələrdən olduğunu qeyd edib. Enerji istehsalı mərhələsində Industry 4.0 və “Smart Grid” texnologiyası ilə bağlı tədqiqatların aparılmasına dair təklif və tövsiyələrini səsləndirib.
Akademik R.Əliquliyev, eyni zamanda, Azərbaycanda enerji istehsalının tarixi ilə bağlı araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.