ETN İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılmış tədqiqatların nəticələri müzakirə olunub.
Mövzunu təqdim edən institutun elmi işçisi Səadət Abdullayeva dissertasiya işinin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər haqqında məlumat verib.
S. Abdullayeva İnternet-media vasitələrində dərc olunan materialların reytinqinin, media saytlarının oxucu kontingentinin sosial tərkibinin dəqiq və obyektiv şəkildə müəyyənləşdirilməsi, veb-saytın iqtisadi siyasətinin müəyyən edilməsi, sayta qarşı aparılan informasiya müharibəsi təzahürlərinin aşkarlanması, jurnalistlərin peşə qabiliyyətinin qiymətləndirilməsi, veb-saytda olan texnoloji və digər boşluqların müəyyənləşdirilməsi və s.-ninmedia vasitələrinin öz fəaliyyətini müasir tələblərə uyğun qura bilmələri baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Tədqiqatçının sözlərinə görə, rəqabət şəraitində fəaliyyət göstərən media qurumlarının öz monitorinqini aparması onların fəaliyyətlərini təkmilləşdirməsinə, reytinqinin, cəmiyyətdə rolunun və ona təsir imkanlarının müəyyənləşdirilməsinə və nəticədə qiymətləndirmə apararaq səmərəli qərarların qəbul edilməsinə imkan yaradır.
Müasir veb-texnologiyalar vasitəsilə elektron media vasitələrinin fərdi, korporativ, milli, regional, kontinental və qlobal müstəvidə monitorinqinin aparılmasının mümkün olduğunu deyən S.Abdullayeva ölkəmizdə internet-media resurslarının monitorinqi və qiymətləndirilməsi sahəsində konseptual əsasların işlənilməsinin və bu sahədə ümumi metodikanın hazırlanmasını zəruriliyini qeyd edib. Məruzəçi əlavə edib ki, bu tələblərə cavab verən konseptual sistemin Azərbaycanda tətbiqi media vasitələrinin keyfiyyətli idarə olunmasına, medianın öz fəaliyyətini müasir tələblər səviyyəsində qurmasına imkan verəcək.
S.Abdullayeva dissertasiya işinin məqsədinin İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi sahəsində mövcud mexanizmlərin Azərbaycanda tətbiqi üçün təkliflərin və media resurslarının fəaliyyətinin qiymətləndirilməsi üçün metodikanın işlənilməsi olduğunu diqqətə çatdırıb.
O, həmçinin tədqiqat işində qarşıya qoyulmuş məsələlərdən bəhs edib. Tədqiqatçı İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübənin araşdırılması, bu istiqamətdə problemlərin müəyyən edilməsi və bu problemlərin həlli üçün təkliflərin işlənilməsi, Azərbaycanda internet-media resurslarının monitorinqi sahəsində müasir vəziyyətin tədqiqi və beynəlxalq təcrübə nəzərə alınmaqla mövcud qiymətləndirmə mexanizmlərinin Azərbaycanda tətbiqi üçün təkliflərin, media resurslarının fəaliyyətinin qiymətləndirilməsi üçün metodikanın işlənilməsi ilə bağlı çap olunmuş məqalə və tezislər haqqında məlumat verib.
Məruzə ətrafında müzakirələr aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Tədqiqat işinə dair çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev veb-saytların müxtəlif meyarlar üzrə qiymətləndirilməsi problemlərinə həsr olunmuş tədqiqatların müasir dövrdə böyük aktuallıq kəsb etdiyini bildirib. Alim Azərbaycan qanunvericiliyini, beynəlxalq çağırışları, insan hüquqlarını, hədəf auditoriyasının xüsusiyyətlərini, mental dəyərləri və s. nəzərə almaqla media resurslarının süni intellekt texnologiyalarından istifadə etməklə monitorinqinin aparılması və veb-saytların fəaliyyətinin çoxkriteriyalı qiymətləndirilməsi istiqamətində tədqiqatların daha da dərinləşdirilməsi ilə bağlı tövsiyələrini səsləndirib. Akademik R. Əliquliyev mühüm elmi problemə həsr olunmuş dissertasiya işinin tamamlanaraq müdafiəyə təqdim olunmasını tövsiyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.