E-dövlət mühitində vətəndaşları davranışına, bacarığına və nüfuzuna görə qiymətləndirmək üçün müxtəlif statistik göstəricilər və metodlardan istifadə olunur. Lakin bu ənənəvi sistemlər cəmiyyət haqqında tam təsəvvür yaratmır. Fərdlərin sosial kreditini qiymətləndirmədən onun cəmiyyətdəki mövqeyi, dövlətin sosial-siyasi və iqtisadi inkişafındakı rolu haqqında dəqiq fikir bildirmək çətindir.
Bu barədə ETN İnformasiya Texnologiyaları İnstitutunda “E-demoqrafiya 4.0 mühitində fərdlərin sosial kreditinin qiymətləndirilməsi və menecmenti üçün intellektual metodlar və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi çərçivəsində aparılan tədqiqatlara həsr olunmuş elmi seminarda institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova məlumat verib.
İ. Ələkbərova dissertasiya işinin məqsədinin e-demoqrafiya 4.0 mühitində kiber-fiziki sistemlərdə toplanan məlumatlar əsasında fərdlərin sosial kreditinin qiymətləndirilməsi və menecmenti məsələlərinin səmərəli həlli üçün intellektual metodlar və alqoritmlərin işlənməsi olduğunu diqqətə çatdırıb.
Mövzunun aktuallığı barədə məlumat verən İ.Ələkbərova qeyd edib ki, e-demoqrafiya 4.0 mühitində kiber-fiziki sistemlərdə (müxtəlif reyestrlərdə, idarəetmə sistemlərində, sensorlarda və sosial şəbəkələrdə) insanların fərdi məlumatları və davranışları haqqında “big data” təşkil edən məlumatlar saxlanılır. Bu məlumatların intellektual analizi nəticəsində sosial kreditinin qiymətləndiriləsi və menecmentini həyata keçirmək mümkündür.
Tədqiqatçının sözlərinə görə, fərdlərin sosial kreditinin qiymətləndirilməsi və menecmenti cəmiyyətdə baş verən müxtəlif sosial-siyasi və iqtisadi prosesləri öyrənmək, proqnozlaşdırmaq, dövlət idarəçiliyində və vətəndaşların rifanın yüksəldilməsində yarana bilən problemləri aradan qaldırmaq üçün faydalı ola bilər.
O, həmçinin tədqiqat işində qarşıya qoyulmuş məsələlərdən bəhs edib. Qeyd edib ki, dissertasiya işi çərçivəsində e-dövlət mühitində fərdlərin sosial kreditinin qiymətləndirilməsi istiqamətində mövcud yanaşmaların analizi və problemlərinin müəyyənləşdirilməsi, e-demoqrafiya 4.0 mühitində sosial kredit sisteminin konseptual modelinin işlənməsi, bu mühitdə mətn məlumatları əsasında əməkdaşların davranış və maraqlarının analizi üçün metod və alqotitmin işlənməsi, virtual sosial şəbəkələrdə istifadəçilərin davranış və maraqlarının analizi, eləcə də ağıllı ev mühitində insan davranışının analizi üçün metodun işlənməsi və videomüşahidə sistemlərindəki məlumatların intellektual analizi əsasında sosial münasibətlərin aşkarlanması üçün metod və alqoritmin işlənməsi nəzərdə tutulur. Buraya həmçinin mobil əlaqə məlumatlarının intellektual analizi əsasında fərdin sosial kapitalının qiymətləndirilməsi, e-demoqrafiya 4.0 mühitində hüquqi vətəndaşın müəyyən olunması, bu mühitdə fərdlərin sosial krediti əsasında cəmiyyətin qiymətləndirilməsi, eləcə də fərdlərin sosial kreditinin menecmenti üçün metod və alqoritmlərin işlənilməsi daxildir.
İ.Ələkbərova fərdin sosial kreditinin qiymətləndirilməsi istiqamətləri və sistemləri, bu sistemlərin qiymətləndirilməsinə dair fərqli baxışlar, e-demoqrafiya 4.0 mühitində sosial kredit sisteminin konseptual modeli, sosial kapitala təsir edən faktorlar, intellektual videomüşahidə sisteminin ümumi arxitektur sxemi, mobil əlaqə məlumatlarının intellektual analizi əsasında fərdin sosial kapitalının qiymətləndirilməsi və s. ilə bağlı məlumatları seminar iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb, İ.Ələkbərova ona ünvanlanan sualları cavablandırıb.
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev məruzəyə dair çıxış edərək təklif və tövsiyələrini səsləndirib. Müasir dövrdə fərdlərin sosial kreditinin qiymətləndirilməsi məsələlərinin böyük aktuallıq kəsb etdiyini bildirən institutun baş direktoru bu istiqamətdə tədqiqatların dərinləşdirilməsinin əhəmiyyətini qeyd edib. Akademik R.Əliquliyev tədqiqat işi çərçivəsində dövlət başçısının müvafiq Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasında öz əksini tapmış prioritet istiqamətlər üzrə elmi dəstəyin verilməsinin vacibliyindən danışıb. Alim rəqəmsal transformasiya şəraitində ölkəmizdə sosial kredit mexanizmləri və texnologiyalarının yaradılması perspektivlərinə dair məqalənin hazırlanaraq nüfuzlu jurnallara təqdim olunmasının zəruriliyinə toxunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.