AMEA Rəyasət Heyətinin Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2024-cü il üzrə hesabatının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın üzvləri, Bölmənin əhatə etdiyi elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, həmçinin əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri, elmi şöbə və laboratoriyaların rəhbərləri, ictimaiyyətlə əlaqələr, təhsil, beynəlxalq əlaqələr və digər şöbələrin müdirləri, Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri və aidiyyəti şəxslər iştirak ediblər.
Əvvəlcə Bölmənin əhatə etdiyi elmi müəssisələrdə süni intellektin tətbiqi əsasında həyata keçirilən innovativ layihələr, eləcə də 2024-cü il üzrə əldə olunan nailiyyətləri, nəşr olunan elmi əsər və kitabları əks etdirən sərgiyə baxış olub.
İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib. Akademik İsa Həbibbəyli son illərdə tətbiqi xarakterli elmi tədqiqat işlərinin sayında əhəmiyyətli artımın müşahidə olunduğunu qeyd edərək, hazırda fundamental və tətbiqi xarakterli tədqiqatların bərabər səviyyədə icra olunduğunu diqqətə çatdırıb. “Azərbaycan alimləri ölkəmizin inkişafına təkcə fundamental tədqiqatlardan əldə olunan elmi nəticələrin ideyaları ilə deyil, eləcə də konkret tətbiqi işlərlə də dəstək verməlidirlər”, - deyən AMEA prezidenti, akademik İsa Həbibbəyli FRTEB-in əhatə etdiyi elmi müəssisələrin bu istiqamətdə xüsusilə seçildiyini, bugünkü sərgidə tətbiq imkanları geniş olan layihələrin böyük maraqla qarşılandığını diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli eyni zamanda AMEA-nın beynəlxalq təcrübəni öyrənən, texniki yaradıcılıq imkanlarına malik olan və fundamental tədqiqatları dərindən mənimsəmiş gənc mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması məsələlərinə böyük önəm verdiyini və xüsusi diqqət ayırdığını qeyd edib. Akademiya prezidenti alim və mütəxəssisləri, elmi rəhbər və məsləhətçiləri AMEA-nın gələcəyi olan gənc doktorant və dissertantlara elmi fəaliyyətlərində yaxından dəstək olmağa, onlara qayğı göstərməyə çağırıb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bölmənin əhatə etdiyi elmi müəssisələrdə əldə olunan yüksək elmi nəticələrin Web of Science, Scopus kimi nüfuzlu beynəlxalq bazalara daxil olan yüksək impakt faktorlu jurnallarda öz əksini tapmasını Azərbaycan elminin müasir dövrün çağırışlarına uyğun inkişaf etdirilməsi kimi qiymətləndirib.
Sonra AMEA-nın vitse-prezidenti, FRTEB-in Elmi şurasının sədri, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev FRTEB-in 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsini təqdim edib. Akademik dövlət başçısının respublikada 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına, həmçinin ötən ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 tədbirlərinə hazırlıq çərçivəsində, FRTEB-in əhatə etdiyi elmi müəssisələrdə çoxsaylı tədbirlərin həyata keçirildiyini, respublika və beynəlxalq səviyyəli konfransların, elmi sessiya, seminar və treninqlərin təşkil olunduğunu söyləyib.
Akademik Rasim Əliquliyev hesabat ilində Bölmənin əhatə etdiyi elmi müəssisələrin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” və digər dövlət proqramları, fəaliyyət planları, yol xəritələrinin həyata keçirilməsində fəal iştirak etdiklərini, dövlət qurumlarına elmi dəstək verdiklərini qeyd edib.
Akademik Rasim Əliquliyev bildirib ki, 2024-cü ildə FRTEB-də ölkənin milli maraqlarından irəli gələn, müasir dünyanın tələb və çağırışlarına müvafiq məsələləri əhatə edən fundamental, eləcə də tətbiqi xarakterli tədqiqatlar aparılmışdır. Bölmənin əhatə etdiyi elmi müəssisələrdə 7 elmi istiqamət üzrə 35 problemə aid 104 mövzuya dair 264 tədqiqat işi icra olunmuşdur. Bu tədqiqatların nəticələrinin 44-ü bölmə tərəfindən müzakirə edilərək mühüm nəticə kimi dəyərləndirilmişdir.
Bölmənin əhatə etdiyi elmi müəssisələrin nəşr fəaliyyəti barədə məlumatı təqdim edən akademik Rasim Əliquliyev bildirib ki, 2024-cü ildə bölmə əməkdaşlarının 17 kitabı (6-sı xaricdə), 1199 məqaləsi (720-si nüfuzlu xarici elmi jurnallarda) çap edilib. Bu məqalələrin 409-u Web of Science, 530-u Scopus bazalarına daxil olan impakt faktorlu jurnallarda və konfrans materiallarında dərc olunub, əməkdaşların əsərlərinə 30 559 istinad qeydə alınıb.
Akademik R.Əliquliyev Bölməyə daxil olan elmi müəssisələrdə fəaliyyət göstərən elmi kadr potensialı ilə çap olunmuş məqalələrin say nisbətini düzgün müəyyən etmək üçün indikatorların tətbiq olunduğunu vurğulayıb. Həmçinin elmi müəssisələrin aktivliyini və məhsuldarlığını qiymətləndirmək üçün elmi müəssisələrdə əldə olunmuş nəticələrin reytinqini elmmetrik göstəricilər əsasında təqdim edib. 2024-cü ildə FRTEB üzrə elmi müəssisələrin elmi kadr potensialının Scopus və WoS bazalarında dərc olunmuş məqalələrinin sayı və orta məhsuldarlıq göstəricilərini diqqətə çatdırıb. Həmçinin 2018-2023-cü illlərdə SCOPUS bazasında çap olunmuş elmi nəticələrinə görə AR ETN tərəfindən mükafatlandırılan alimlərin müəssisələr üzrə sayını təqdim edib.
AMEA-nın vitse-prezidentinin sözlərinə görə, Azərbaycan alimlərinin İKT sahəsindəki fəaliyyəti beynəlxalq aləmdə də yüksək qiymətləndirilmiş, son 5 ildə İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin adları ABŞ-ın Stenford Universitetinin ən nüfuzlu reytinq siyahısına daxil edilmişdir.
Çıxışının sonunda akademik R.Əliquliyev FRTEB-in fəaliyyətinin daha səmərəli təşkilinə dair bir sıra islahat xarakterli təkliflər irəli sürüb.
Sonra ETN İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov, akademik Adil Qəribov, ETN Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev çıxış edərək təmsil etdikləri elmi müəssisələrdə əldə olunan mühüm nəticələri, həyata keçirilən əhəmiyyətli islahatları, icra olunan süni intellekt əsaslı innovativ layihələri, nəşr olunan yüksək reytinqli jurnalların fəaliyyəti barədə məlumatları diqqətə çatdırıblar.
İclasda çıxış edən AR ETN yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov elm və təhsilin inteqrasiyası ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edərək bildirib ki, bu istiqamətdə müxtəlif layihələrin icrası, elmi jurnalların fəaliyyətinin dəstəklənməsi, həmçinin maliyyələşmə məsələləri ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Professor Ə.Sadıqov AMEA-da doktorantura təhsil sisteminin yeni əsaslarla təkmilləşdirilməsinin zəruriliyini vurğulayaraq müvafiq istiqamətdə əhəmiyyətli tədbirlərin görülməsinin planlaşdırıldığını da diqqətə çatdırıb. Alim bölmənin 2024-cü ildəki fəaliyyətini qənaətbəxş hesab edib, Bölmənin əhatə etdiyi elmi müəssisələrdə çalışan alim və mütəxəssislərə elmi fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra çıxış edən akademik İsa Həbibbəyli FRTEB-in 2024-cü il üzrə hesabatının müzakirəsinə həsr olunmuş iclasda əhəmiyyətli fikir mübadiləsinin aparıldığını bildirib, Bölmənin ötən il üzrə fəaliyyətini yüksək qiymətləndirib. AMEA rəhbəri Bölmənin əhatə etdiyi müəssisələrin dünya elminin çağırışlarına cavab verən və Azərbaycan dövlətinin apardığı elm siyasətinə əhəmiyyətli töhfələr verən tədqiqatların icrası baxımından böyük potensiala malik olduğunu qeyd edib, gənclərlə işin daha səmərəli təşkili, gənc fəlsəfə və elmlər doktorlarının yetişdirilməsi məsələlərinə böyük diqqətin ayrılması istiqamətində tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
Müzakirələrdən sonra Bölmənin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında AMEA-nın Rəyasət Heyətinin qərar layihəsi səsləndirilib. Rəyasət Heyətinin qərarı ilə Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2024-cü il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib, əldə olunmuş mühüm nəticələrin AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb və bölməyə müvafiq tapşırıqlar verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.