İnstitutda müasir rəqəmsal iqtisadiyyatın formalaşması problemləri tədqiq olunur

21 Yanvar 2025 - 12:02 | Konfranslar, İclaslar
İnstitutda müasir rəqəmsal iqtisadiyyatın formalaşması problemləri tədqiq olunur

ETN İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi elmi istiqamətində “Rəqəmsal transformasiyalar, texnoloji innovasiyalar və rəqəmsal iqtisadiyyatın formalaşması problemlərinin tədqiqi və inkişaf etdirilməsi” elmi problemi üzrə tədqiqatlar aparan şöbənin 2025-ci il üzrə fəaliyyət planı müzakirə olunub.

Şöbə müdiri, iqtisad elmləri doktoru, professor Əlövsət Əliyev rəhbərlik etdiyi struktur bölmənin cari il üçün fəaliyyət planını təqdim edərək “Rəqəmsal iqtisadiyyatın formalaşmasının müasir problemlərinin araşdırılması, onların konseptual həlli mexanizmlərinin və nəzəri əsaslarının inkişaf etdirilməsi” mövzusu üzrə aparılacaq tədqiqatlardan bəhs edib. Professor Ə.Əliyev mövzu üzrə rəqəmsal iqtisadiyyatın müasir infrastrukturunun formalaşmasının texniki-texnoloji problemlərinin tədqiqi, beynəlxalq təşkilatların müasir rəqəmsal iqtisadiyyat platformalarının müqayisəli təhlili və onların Azərbaycanda tətbiqi perspektivlərinin araşdırılması, eləcə də Sənaye 4.0 platformasında rəqəmsal iqtisadiyyatın inkişafının idarəetmə formalarının tədqiqi və təşkilati-iqtisadi, institutsional mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində araşdırmaların aparılmasının nəzərdə tutulduğunu bildirib.

Alim “Rəqəmsal texnoloji iqtisadiyyat sektorlarının formalaşması problemlərinin araşdırılması və inkişaf səviyyəsinin qiymətləndirilməsi modellərinin işlənilməsi” mövzusunda elmi-tədqiqat işi çərçivəsində texnoloji iqtisadi inkişafın formalaşmasının sirkulyar iqtisadiyyat mexanizmləri və texnologiyalarının işlənilməsi, blokçeyn texnologiyalarının tətbiqi ilə texnoloji iqtisadiyyat sektorlarının inkişaf etdirilməsi amillərinin təhlili, rəqəmsal transformasiyalar şəraitində COP29 çağırışlarından ölkə üzrə irəli gələn problemlərin tədqiqi və onların konseptual həll istiqamətləri ilə bağlı aparılacaq tədqiqatlar barədə məlumat verib.

O, həmçinin süni intellekt əsasında texnoloji iqtisadiyyat sektorlarının formalaşdırılması problemlərinin təhlili və həlli mexanizmlərinin işlənilməsinin konseptual əsasları, rəqəmsal və texnoloji iqtisadiyyatın kiberdayanıqlığı problemlərinin tədqiqi və onun yüksəldilməsi üçün təklif və tövsiyələrin işlənməsi istiqamətlərində araşdırmaların aparılmasının planlaşdırıldığını söyləyib.  

Professor Ə.Əliyev cari il ərzində “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda, eləcə də Ali Attestasiya Komissiyasının siyahısına daxil olan elmi nəşrlərdə çapı nəzərdə tutulan məqalələr, o cümlədən respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak ilə bağlı məlumatları diqqətə çatdırıb.

Şöbə rəhbəri Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutu, Rusiya EA İdarəetmə Problemləri İnstitutu, Moskva Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbi, Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universiteti, Türkiyənin Ege Universiteti və Yıldız Texniki Universiteti, Rumıniya Milli Siyasi Araşdırmalar və Dövlət İdarəçilik Universitetinin İdarəetmə fakültəsi, eləcə də ölkəmizin universitetləri ilə elmi əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlərin həyata keçiriləcəyini söyləyib.

Professor Ə.Əliyev həmçinin əməkdaşların elmi-ekspertiza və elmi-təşkilati fəaliyyəti, kadr hazırlığı, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında məlumat verib.

Sonra AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, süni intellekt əsaslı texnoloji iqtisadiyyat, sirkulyar iqtisadiyyat, o cümlədən blokçeyn texnologiyasının iqtisadiyyata tətbiqi problemləri ilə bağlı fundamental tədqiqatların aparılmasının zəruriliyini vurğulayıb. Alim əməkdaşların elmi tədqiqatların daha da dərinləşdirilməsi, aparılan araşdırmaların nəticələrinin nüfuzlu elmi jurnallarda nəşr olunması üçün yeni məqalələrin hazırlanması və kadr potensialının gücləndirilməsinə dair tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.