ETN İnformasiya Texnologiyaları İnstitutunda cari il ərzində müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində mürəkkəb bulud sistemlərinin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılacaq.
Bu barədə institutun Elmi şurasının iclasında institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov məlumat verib.
O, 2025-ci ildə “Bulud hesablama sistemlərinin sintezi və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda doktorluq dissertasiyası çərçivəsində görülən işlərin davam etdiriləcəyini, şəbəkə mühitində bulud resurslarının optimal seçilməsi və intellektual idarə edilməsi, o cümlədən bulud əsaslı SCADA sistemlərində şəbəkə resurslarının optimal sintezi üçün metod və modellərin işlənməsinin, eləcə də bu sistemdə süni intellekt texnologiyalarının tətbiqi ilə təhlükəsizlik məsələlərinin həlli üçün mexanizmlərin işlənməsinin nəzərdə tutulduğunu qeyd edib.
R.Ələkbərov qeyd olunan elmi problem üzrə həmçinin, “Mobil bulud hesablamalarının optimal sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusu üzrə elmi-tədqiqat işlərinin aparılacağını deyib. Alim verilənlərin emal mərkəzlərinin temperaturun tənzimlənməsi sistemlərinin səmərəli idarə edilməsində süni intellekt texnologiyalarının tətbiqi, o cümlədən mobil hesablama buludlarında fərdi məlumatların təhlükəsizliyi üçün mexanizmlərin işlənməsi və digər məsələlərin araşdırılacağını diqqətə çatdırıb.
Şöbə rəhbərinin sözlərinə görə, struktur bölmədə Sənaye 4.0 platformasında kiber-fiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə “IoT şəbəkə infrastrukturunda kiberinsidentlərin vurduğu ziyanın qiymətləndirilməsi üçün metod və alqoritmlərin işlənməsi”, İnternet şəbəkəsi və superkompüter texnologiyalarının problemləri üzrə isə “Paylanmış hesablama sistemlərində Grid texnologiyalarının tətbiqi”, “Proqramla idarə olunan şəbəkə sistemlərinin müasir vəziyyəti və mövcud problemlərinin araşdırılması” mövzularında tədqiqatlar davam etdiriləcək.
Dosent R.Ələkbərov qeyd edib ki, sözügedən problem üzrə həmçinin “Süni intellekt texnologiyalarının tətbiqi ilə neft-qaz sənayesində onlayn platformada idarəetmə üçün metod və alqoritmlərin işlənməsi” və digər mövzular üzrə araşdırmaların aparılması planlaşdırılır.
Sonra R.Ələkbərov il ərzində 8 məqalənin “Web of Science”, “Scopus” və digər beynəlxalq elmi bazalarda indeksləşən jurnallara, eləcə də Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli elmi nəşrlərə, 8 tezisin isə respublika və beynəlxalq səviyyəli konfranslara təqdim ediləcəyini söyləyib.
Şöbənin beynəlxalq elmi əməkdaşlıq əlaqələrindən söz açan məruzəçi Avropa üzrə bütün elm və təhsil qurumlarına şəbəkə xidməti göstərən GEANT assosiasiyası ilə əməkdaşlıq münasibətlərinin davam etdiriləcəyini nəzərə çatdırıb.
Daha sonra R.Ələkbərov şöbənin elmi-praktiki və innovasiya, elmi-ekspertiza, elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, elmin populyarlaşdırılması və təbliği ilə bağlı görüləcək işlər haqqında da məlumat verib.
Şöbənin fəaliyyət planına dair fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, şöbədə aparılan tədqiqatların aktual elmi problemlərə həsr olunduğunu söyləyib. Alim şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsi, aparılan elmi tədqiqatların səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.